Lənkəran Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” vodevilinin motivi əsasında “Müqəssir” tamaşasının məşqləri davam etdirilir. Mistik komediya janrında olan səhnə əsərinə B.Şukin adına Moskva Teatr İnstitutunun məzunu, Azərbaycan Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı quruluş verir.
Rejissor səhnələşdirmə müəllifi kimi Əbdürrəhim bəy Haqverdiyevin pyesində Mixail Bulqakovun “Master və Marqarita” romanı ilə uzlaşmalar aşkarlamaqla səhnə əsərinə intertekstuallıq (Haqverdiyevin qəhrəmanı Elçi ilə Bulqakovun qəhrəmanı Voland arasında assosiasiya, bir simada cəmləşən Mələk və İblis obrazları, xalçada təsvir olunan Pişik Begemot və s.) gətirib. Hadisələr isə kinostudiyanın montaj otağında gecəyarısı cərəyan edir. Səhnələr sanki kəsmə-montaj üslubunda bir-birlərinə birləşdirilir.
Fərqli üslublu tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Azər Hacıəsgərlidir. Elçi rolunu Xalq artisti Qabil Quliyev, Qadın obrazını Gülər Kərimova və Ayşən Əsədova, Kişi obrazını Saleh Əzimzadə, Pişik Begemot rolunu Nizami Qurbanov canlandırır.
Premyera iyun ayının sonlarına nəzərdə tutulub.