Xəbər verdiyimiz kimi, 5-6 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfransın qonaqları sırasında TÜRKSOY-un layihələr üzrə koordinatoru, həmyerlimiz Cavid Barış (Mövsümlü) da iştirak edirdi. Tədbirdən sonra Cavid müəllimlə həmsöhbət olduq.
– TÜRKSOY-dakı fəaliyyətiniz nədən ibarətdir?
– Təhsillə bağlı Türkiyəyə getdim və uzun illərdir orada yaşayıb işləyirəm. TÜRKSOY-da əsas fəaliyyət sahəm müstəqil dövləti olmayan türk toplumları ilə bağlıdır. Rusiya, Çin, İran, Əfqanıstan, Ukrayna, Moldova və Balkan ölkələrində icma şəklində yaşayan türklərlə bağlı layihələr həyata keçirmişəm. Bilirsiniz ki, Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevlə görüşündə bu məsələyə diqqəti yönəltmişdi. Bütün türk təşkilatları artıq bu məsələyə həssas yanaşırlar. Bu iş bütün türk dövlətləri üçün də mühüm istiqamət müəyyən edilib.
TÜRKSOY olaraq illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Güney Azərbaycan, Qaşqay türkləri, İraq türkmənləri, Krım tatarları, çuvaşlar, Sibir türkləri, uyğur, kumık, noqay, qaraçay, Ahıska türkləri və s. xalqlarla bağlı tədbir və layihələr reallaşdırmışıq. Bu məqsədlə şair və yazıçıların kitablarının müxtəlif dillərə tərcümə edilib tanıdılması və s. işlərdə redaktor və tərcüməçi kimi fəaliyyət göstərmişəm. Eyni zamanda mədəniyyət və ədəbiyyat sahəsində tanınan şəxsiyyətlərin yubileylərini keçirmişik. Çox şadam ki, TÜRKSOY rəhbərliyi tərəfindən böyük etimad göstərilərək təşkilatın Muzeylər Birliyinin baş koordinatorluğu da mənə həvalə edilib. Artıq bu sahədə də bir sıra addımlar atmışıq. Bu istiqamətdə fəaliyyətimizə Azərbaycanın böyük dəstəyi olub.
– Milli Xalça Muzeyinin təşkil etdiyi elmi konfransla bağlı təəssüratlarınız necədir?
– Bu il Türk dünyası üçün əlamətdar hadisələrlə zəngindir. Bunlardan birincisi də Ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir. Həm Azərbaycanda, həm də ölkədən xaricdə silsilə tədbirlər keçirilir. Xalça Muzeyinin tədbiri də bu silsilədən idi. Yüksək səviyyədə keçən tədbirdə onlarla ölkədən iştirakçı qatılmışdı. Xalqlar bir-birinin mədəniyyət nümunələri ilə tanış oldular. Tədbir həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin tanıdılmasına töhfə verdi. Məmnunam ki, konfransa moderator kimi dəvət edilmişəm. Məhsuldar tədbir oldu. O cümlədən yeni tanışlıqlar nəticəsində bir sıra ortaq layihələrə dair razılıqlar əldə edildi.
– Muzeylər Birliyinin baş koordinatoru olaraq fəaliyyətiniz, planlarınız nədən ibarətdir?
– TÜRKSOY Muzeylər Birliyinin baş koordinatorluğunun yaradılmasına hələ 2013-cü ildən qərar verilsə də, ötən ildən etibarən aktiv şəkildə işləyirik. Belə qərara gəlinib ki, hər il “Türk dünyasının mədəniyyət paytaxtı” hansı ölkədə olursa, həmin ölkədə bir muzeyin direktoru birliyin dönəm başqanlığını qəbul etsin. 2023-cü ildə Azərbaycanın Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Muzeylər Birliyinin dönəm başqanlığını da Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova yerinə yetirir. Onu da deyim ki, TÜRKSOY Muzeylər Birliyi 2022-ci ildə fəaliyyətə başlasa da, bu müddətdə bir sıra tədbirlər – ötənilki “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada forum, Budapeştdə və Moldovanın Qaqauz Yeri muxtar bölgəsində elmi-praktik konfranslar təşkil etdik. Bu il Şuşada muzey direktorlarının toplantısını keçirmək istəyirik. Həmçinin Bakıda Türk dünyası muzey əməkdaşlarının forumunu keçirməyi planlaşdırırıq.
– Türk dövlətləri arasında muzeylərin əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
– Millətin öz keçmişini və mədəniyyətini bilməsi gələcəyini daha doğru istiqamətdə təşkil etmək üçün önəmlidir. Fəqət bu keçmişi necə öyrənə bilər? Təbii ki, kitablar vasitəsilə. Amma tarixi əyani görməsi, toxunması və hiss etməsi üçün mütləq maddi mədəni nümunələrlə, tarixi abidələrlə tanış olmalıdır. Muzey və muzeyçilik tarixin ən qədim peşələrindən biridir. Ona görə də türk dövlətləri arasında muzeylərin işbirliyini qurmağımız çox önəmlidir. Bu cür forum və simpoziumlarda əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi aparılması ilə biz bu işlərə daha da təkan verir və real nəticələrini görürük. Bu kimi fəaliyyətlər türk dövlətləri muzeyləri arasında əməkdaşlığın güclənməsi və inkişafına xidmət edir.
– Bildiyim qədər, siz həm də ədəbi yaradıcılıqla məşğul olursunuz...
– Bəli, “Barış Cavid” imzası ilə ədəbi mühitdə tanınıram. Tarixçi alim olsam da, ara-sıra qəlbimdən süzülən sözləri vərəqə tökürəm. Şeirlərimi özüm qiraət edib sosial şəbəkələrdə paylaşıram. Az da olsa, oxucu və dinləyici çevrəm var. Bu da mənə böyük stimul verir. Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Əliağa Vahid kimi şairlərdən təsirlənirəm. Məktəbli çağlarımdan şeirlər yazıram. Şeirlərimə musiqilər də yazılıb. Hazırda tərcümə ilə də məşğul oluram. Türk dünyası şairlərinin şeirlərini Azərbaycan və Türkiyə türkcəsinə çevirmişəm. Macarıstanda görkəmli şair Şandor Petefinin (1823-1849) 200 illik yubileyi münasibətilə onun əsərlərinin TÜRKSOY-a üzv ölkələrin xalqlarının dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqədə qalib olmuşam.
Şeirlərimə musiqilər də yazılıb. TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş gecədə Qara Qarayevin “Zəfər marşı” səsləndi. Bilirsiniz ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə mən Qarabağ Zəfərimizə həsr olunan şeir yazdım və dahi bəstəkarımızın bu məşhur əsəri ilə birgə oxundu.
– Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində hansısa layihəniz nəzərdə tutulurmu?
– “Heydər Əliyev İli” çərçivəsində iyun ayında TÜRKSOY ölkələri muzey direktorlarının toplantısı keçiriləcək. “Heydər Əliyev və muzey sahəsi” mövzusunda elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Ulu öndər bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət beşiyimiz olan Şuşa açıq havada bir muzeydir. Təsadüfi deyil ki, şanlı Zəfərimizdən sonra Prezidentimizin göstərişi və diqqəti ilə Şuşada muzeylərin bərpasına da xüsusi önəm verilir. Çünki biz tariximizə bağlı millətik.
Lalə Azəri