Evləri təmir olunan sakinlərlə görüş keçirilib

 

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev mayın 16-da Qubanın Xınalıq kəndində vətəndaşlarla görüşüb. DTA-dan bildirilib ki, kənddə turizm infrastrukturunun yaxşılaşdırılması və evlərin təmir-bərpası ilə bağlı keçirilən görüşdə sakinlərin fikirləri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Prezident İlham Əliyevin müvafiq tapşırığı çərçivəsində DTA tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda işlər davam edir. Dəniz səviyyəsindən 2100-2200 metr yüksəklikdəki kənddə ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir-bərpası ilə bağlı layihələndirmə işləri aparılaraq ekspertizadan keçirilib. 2021-ci ildə qəzalı vəziyyətdə olan 16 evdə təmir-bərpa işləri aparılıb. 2022-ci ildə təmir və bərpasına başlanılan 11 evdən 7-si üzrə işlərin böyük hissəsi tamamlanıb, 4 ev üzrə isə hava şəraitinə görə işlər dayandırılıb. 2023-cü ildə isə yarımçıq qalmış evlərin təmiri və əlavə olaraq 14 evin bərpası üçün hazırlıqlara başlanılıb. Bu mərhələdə ümumilikdə 44 evin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, ötən il Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təsvir olunan “Xınalıq və “Köç Yolu”nun mədəni landşaftı” adlı nominasiya sənədi Dünya İrs Siyahısına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim olunub.