Masallıda ən çox ziyarət olunan mədəniyyət ocağı Tarix-Diyarşünaslıq Muzeyidir. Zəngin fonda malik muzey 60 il əvvəl rayonun Hişkədərə kəndində yaradılıb və uzun illər burada fəaliyyət göstərib. Onun ilk təməl daşını qoyan kənd sakini, gözəl ziyalı, Əməkdar müəllim Rəhim Tağıyev olub.
Hazırda Rəhim Tağıyevin adını daşıyan Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı şəhərinin Qarabağ küçəsindəki yaraşıqlı binada yerləşir. Ona rəhbərlik edən isə Rəhim müəllimin qızı Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevadır. Muzey çox zəngindir.
Fondu və kolleksiyaları 9 bölmədən ibarətdir. Bunlara nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər daxildir. Qədim məişət əşyalarının bir çoxu yerli əhaliyə məxsus evlərdən toplanıb.
Muzeyin direktoru Ə.Tağıyeva deyir:
– Muzey atamın təşəbbüsü ilə 1963-cü ildə yaranıb. 1978-ci ildə Hişkədərə kəndində ondan ötrü bina inşa edilib və Masallı Tarix-Diyarşünaslıq Muzeyi adını alıb. 15 il ərzində isə atam tərəfində toplanan maddi-mədəni tapıntılar onun çalışdığı Hişkədərə kənd orta məktəbində sərgilənib. Onu da bildirim ki, 1977-ci ildə muzeyə dövlət statusu verilib. Həm də cənub bölgəsinin ilk və yeganə muzey idi ki, kənddə yerləşsə də, “SSRİ Muzeylər kataloqu”na daxil edilib. 2016-cı ildə muzey Masallı şəhərində yeni inşa olunan binasına köçdü. Muzey məktəbdə yerləşdiyi müddətdə 7 minə yaxın eksponatı olub. Hazırda ekspozisiya zalı 2 mərtəbəni əhatə edən muzeyin əsas fondunda 9010, köməkçi fondunda isə 2 minə yaxın eksponat mövcuddur. Köməkçi fondunun eksponatlarının bəziləri muzeyin kənddə olan binasında yerləşir.
Zəfər Orucoğlu