Ağdam Dövlət Dram Teatrı paytaxtda tamaşa göstərdi
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə reallaşan “Qonaq teatr” layihəsinin növbəti iştirakçısı Ağdam Dövlət Dram Teatrı oldu. Paytaxta qastrola gələn yaradıcı kollektiv repertuarına yeni daxil etdiyi “Şuşadan gələn səs” tamaşasını mayın 15-də ATXİ-nin böyük zalında göstərdi.
Zal əsas etibarilə Bakıda Ağdam nostalgiyalı teatrsevərlərlə dolu idi. Aralarında tanınmış mədəniyyət və incəsənət xadimləri, teatr təmsilçiləri, yazarlar da vardı. Amma ən çox diqqətimi cəlb edənlər hər iki Qarabağ müharibəsinin canlı şahidləri – qazilərimiz, heç vaxt döyüş ruhunu tərk etməyən qəhrəmanlarımız idi. O cümlədən haqq savaşımızda sonadək vuruşan və şəhid qardaşı başda olmaqla bütün igid Vətən oğullarına “Bayrağımızı Şuşaya sancacağam!” sözünü verib əməl edən Yaşar Hüseynov. Elə tamaşa da onun haqqında idi.
Yerli müəllif Nadir Qədimlinin eyniadlı pyesinə teatrın baş rejissoru Kərim Həsənov quruluş verib. Səhnə aktının quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürovdur.
Rolları teatrın əsas etibarilə həvəskarlardan ibarət aktyorları Elmir Hümbətov (Əhəd kişi – ata), Nuranə Əliyeva (Zərnigar – ana), Fərhad Fərhadzadə (Yaşar), Hakim Cəfərli (Kərim), Camal Zamanov (Fərman) və İxtiyar Məmmədov (Şəhid Füzulinin ruhu) ifa edirdilər.
Yaşar və onun ailəsini mövzu edən səhnə işinə keçməzdən öncə bir neçə cümlə həyat və döyüş yolu ilə hələ neçə bədii əsərə, tamaşaya, filmə mövzu olacaq qəhrəman barədə faktlara nəzər salaq. Beləcə, dramaturq və rejissorun gözündən yayınan əsas detallara varmağa çalışaq.
Yaşar Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanıdır. 1981-ci ildə Ağdam rayonunun Abdal kəndində anadan olub. Qardaşı Füzuli Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub. 2000-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir. Həyatda ən böyük amalı şəhid qardaşı Füzuli Hüseynovun qisasını almaq və işğal altında olan torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq idi. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən Yaşar yaralı halda 6 erməni hərbçisini zərərsizləşdirib və mövqeyini qoruyub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində sonadək vuruşub. Yaralanmasına rəğmən ön cəbhədən çəkilməyib, Füzulidən başlayan döyüş yolu Şuşayadək davam edib. Üçrəngli bayrağımızı azan çəkə-çəkə Şuşadakı uca məqama sancan məhz bizim bu Yaşardır...
Vaxt çatır, pərdələrin açılmasına dəqiqələr qalır. Xarakterinə məxsus mehribanlıq və qonaqpərvərliklə ittifaqın qapısında dayanıb həyəcanla gah zala, gah da qapıya boylanan Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov sevincək baş rejissoru Kərim Həsənova “Maşallah, zal doludur. Ağdamlılar heylədilər də. Teatrın adı harada çəkilsə, mütləq səsə səs verirlər”, – deyir.
Fürsət tapıb teatrın cari işlərinə, 100 illiklə bağlı planlarına nəzər salırıq: “Tamaşamız qısa zamanda ərsəyə gəldi və bu günlərdə premyerasını etdik. Vaxtaşırı vətənpərvərlik mövzulu tamaşalar qoymağa çalışırıq. Çünki bizim ən böyük amalımız Vətən torpaqlarını azad etmək üçün canından keçən igidlərimiz və qazilərimiz haqqında yetişən nəsillərə səhnə sənəti ilə məlumat vermək, onların dünyagörüşünü daha da artırmaqdır. Bu il həm də Ağdamda peşəkar teatr kollektivinin yaranmasının (1923-cü ildə Əhməd Ağdamskinin təşəbbüsü ilə – red.) 100 illiyidir və bununla bağlı tədbirlər planımız da var. Respublikanın bir neçə bölgəsinə qastrol səfərləri nəzərdə tutmuşuq. Ardınca yenidən Bakıda, məhz bu səhnədə hesabat xarakterli bir neçə günlük tamaşa nümayişlərimiz də olacaq. Planlarımızdan biri də Şuşaya səfərdir. Bununla bağlı müraciət də etmişik. Yekun olaraq doğma torpaqda – Ağdamda teatrımızın binasının qalıqları önündə, açıq havada klassik səhnə nümunələrimizdən birini oynamaq istəyirik.
Planda xarici ölkə səfərlərimiz də var. İyulda Türkiyənin İzmir şəhərində keçiriləcək “Toprak” teatr festivalına dəvət almışıq və biz orada Ə.Haqverdiyevin “Kimdir müqəssir?” vodevili ilə iştirak edəcəyik...”.
Məhəmməd müəllimlə söhbətimiz tamaşanın başlanması ilə başa çatdı.
Sadə tərtibatlı səhnədə Birinci Qarabağ müharibəsi şəhidlərindən bir neçəsinin – adları xalq arasında dastana çevrilən ağdamlı döyüşçülərin ağ-qara fotolarını görürük. Onların arasında tamaşanın qəhrəmanı Yaşarın şəhid qardaşı Füzulinin də fotosu var. Ana illərdir ağrısı dinməyən kədərində – yenə göz yaşlarında bala haraylayır. Dərddən beli bükülməsinə rəğmən övrətinə təskinlik verən ata “O, təkcə bizim yox, bu elin oğlu idi, ay arvad, daha kiri, az ağla”, – deyib ona toxtaqlıq verir.
Beləcə, biz monoloq və dialoqlar fonunda müharibə, onun nəinki bir insan taleyində, ümumilikdə minlərin, milyonların həyatında buraxdığı dərin izlərə şahidlik edirik. Hər ifaçının ayrı-ayrılıqda öz həqiqəti, öz ağrısı, düşmənə öz nifrəti var. Səhnə işi boyu xronologiya ilə təxəyyül, fakt ilə bədii fikir arasında var-gəl edən bir həllə şahidlik edirik. Yeganə qabaran məqam ağrı və itkilərə rəğmən döyüş ruhunu itirməyən, hər an Vətən üçün ölümə hazır Yaşar və qardaşlarının, eləcə də ümumi tempi saxlamağa çalışan qonşu Fərmanın gedişləridir.
Çağırış ruhlu tamaşa-kompozisiyada vahid dramaturji xətt və rejissor ideyası üzərində geniş dayanmaq istəmirəm. Eyni zamanda təşəbbüs və vətənpərvərlik hisslərinin təbii, bir az da emosional ifadəsinə görə yaradıcı heyəti alqışlayıram.
...Səhnədə qurulan rəmzi Şuşa qalasına bayrağın sancılması ilə bitən tamaşa real qəhrəmanın aktyorların yanına qalxmasından sonra özünün emosional təsirli finalını yaşadı.
Sonda yaradıcı kollektiv milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundu.
Həmidə Nizamiqızı