Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad RMİ və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə Ulu öndərin yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. İlk olaraq tədbirin təşkil olunduğu Heydər Əliyev adına istirahət parkında kollec tələbələri tərəfindən fləşmob nümayiş etdirilib. Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin müəllim və şagird heyətinin hazırladığı konsert proqramı maraqla qarşılanıb.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən keçirilən “Müasir inkişaf dövrünün banisi – Heydər Əliyev” adlı tarix dərsində Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub.

***

Quba rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Çıxışlardan sonra Quba şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.

***

Sumqayıtın Tarixi Muzeyi və Sumqayıt şəhər Ə.Bakıxanov adına Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib. Ulu öndərin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra məktəbin müəllim və şagirdləri tərəfindən mahnılar ifa olunub.

***

Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzi Kür qəsəbə Mədəniyyət evi ilə birgə “Sən elə bir zirvəsən...” adlı konsert proqramı təşkil edib. İncəsənət nümayəndələrinin ifasında dahi liderin sevdiyi musiqilər səsləndirilib, məktəblilər şeirlər söyləyiblər.

Şəmkir rayon MKS-nin Qaralar kənd kitabxana filialının təşkilatçılığı ilə Qaralar kənd tam orta məktəbində “Zəmanəmizin böyük azərbaycanlısı” başlığı altında tədbir keçirilib.

***

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mən azərbaycanlıyam!” istedad müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Müsabiqəyə aktyorluq, bədii qiraət və rəqs üzrə 80-dən çox iştirakçı qatılıb. Müsabiqənin final mərhələsi mayın 27-də keçiriləcək.

***

E.Hüseynov adına Qazax rayon Mərkəzi Kitabxanasının oxu zalında “Ulu öndər Heydər Əliyev və ailə dəyərləri” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, Azərbaycanda ailə dəyərlərinin yaşadılması, rifahın yaxşılaşdırılması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür.

***

Salyan şəhər Q.Əsgərov adına Uşaq incəsənət məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan konsert təşkil edilib.

***

Ucar rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Təhsil sektorunun dəstəyi ilə gerçəkləşən “Heydər Əliyev irsinin təbliği yolları” layihəsi çərçivəsində növbəti tədbir Ucar şəhər 3 nömrəli tam orta məktəbində keçirilib.

***

Ağdam rayonu Alıbəyli-1 qəsəbə tam orta məktəbinin şagirdləri rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. “Heydər Əliyevin ömür yoluna səyahət” başlığı altında keçirilən ekskursiya zamanı məktəblilərə dahi liderin çoxşaxəli ömür yolu və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

***

Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbində Ümummilli liderin 100 illiyinə həsr edilmiş müxtəlif siniflər arasında müsabiqə keçirilib. Müsabiqədə yer tutan fortepiano şöbəsinin şagirdlərinə fəxri fərmanlar təqdim olunub.

***

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Masallı Tarix-Diyarşünaslıq Muzeyi rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Masallı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, mədəniyyət işçiləri, tələbə və şagirdlər iştirak ediblər.

***

Tərtər rayon Mədəniyyət Mərkəzi, rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob keçirilib. Tərtər şəhərinin mərkəzi meydanında Ulu öndərin abidəsi önündə təşkil olunan fləşmobda rayonun ümumtəhsil məktəblərinin 500 nəfərdən çox şagirdi iştirak edib. Məktəblilər fləşmobda “Heydər Əliyev – 100” yazısını nümayiş etdiriblər.

Hazırladı: N.Məmmədli