Mayın 22-də 77 yaşı tamam olan Xalq artisti Yasin Qarayev haqqında “Alın yazısına inam” adlı kitab işıq üzü görüb. Kitabın müəllifi teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlidir.

Bu barədə məlumat verən aktyor bildirib ki, əlli ildir Gənc Tamaşaçılar Teatrında çalışır və bu illər ərzində İlham Rəhimli onun yaradıcılığı ilə bağlı silsilə yazılar yazıb: “Biz onunla kitabın adının nə olacağı barədə müzakirələr etdik. Təsadüfən bir söz işlətdim ki, mən alın yazısına inanan adamam. Sonra gördüm ki,  kitabın adını “Alın yazısına inam” qoyub”.

Xalq artisti qeyd edib ki, İlham Rəhimli iki il əvvəl çapdan çıxan “Yeddi sənət aşiqi” adında kitabında da onun haqqında bəhs edib. Xalq artistinin 75 yaşına təsadüf edən həmin kitabda yeddi sənət adamının (Yusif Vəliyev, Ələddin Abbasov, Məlik Dadaşov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Yasin Qarayev, Nürəddin Mehdixanlı) yaradıcılığından söz açılır.

Yasin Qarayev bildirib ki, yeni kitab onun üçün əsl doğum günü hədiyyəsi olub: “İlham Rəhimlinin qoşa rəqəmlərə rəğbəti olduğu üçün 77 yaşım münasibətilə də “Alın yazısına inam” kitabını hazırlayaraq mənə hədiyyə etdi”.