Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev mədəniyyətimizin böyük hamisi olmuşdur. Ulu öndərin musiqimizə, bəstəkar yaradıcılığına qayğısı da danılmazdır. Dahi şəxsiyyət hər zaman öz çıxışlarında gənc və orta nəsil bəstəkarların yaradıcılıq fəaliyyətinə xüsusi diqqət yetirməyi vacib sayırdı. Ulu öndər həmişə bəstəkarlarımıza öz yaradıcılıqlarında milli köklərə bağlı olmağı, milli xüsusiyyətlərin dünya musiqisi ilə vəhdəti məsələsinə diqqət yetirməyi tövsiyə edirdi.

Əlbəttə, bu tövsiyələr gənc və orta nəsil bəstəkarlarımız üçün hər zaman çox önəmli və dəyərlidir. Mədəniyyət və incəsənət xadimlərimiz, o cümlədən bəstəkarlarımız da Heydər Əliyevin şəxsiyyəti və ruhu qarşısındakı mənəvi borclarını yerinə yetirərək onun dühasını əbədiləşdiriblər. Bu sırada Cövdət Hacıyevin “Onu zaman seçmişdir” adlı VIII simfoniyası, Arif Məlikovun “Əbədiyyət” adlı VIII simfoniyası, Ramiz Mustafayevin “Atamız Heydər”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odaları, Musa Mirzəyevin “Azadlığın baharı” kantatası, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması, “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Qayıdış” və “Xatirə” simfonik poemaları, Firəngiz Əlizadənin simfonik orkestr üçün “İthaf” əsəri və digər nümunələri vurğulamaq mümkündür. Bu gün də bəstəkarlarımız Ulu öndərin işıqlı dühasını sevə-sevə öz əsərlərində canlandırırlar.

Müsahibim milli bəstəkarlıq məktəbinin orta nəsil istedadlı nümayəndələrindən biri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Rüfət Ramazanovdur.

 

– Rüfət müəllim, öncə yaradıcı şəxs kimi Heydər Əliyev dühasından bəhrələnən bəstəkarlıq məktəbimiz haqqında fikirlərinizi bölüşməyinizi istərdik.

– Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin musiqi sənətimizin inkişafında olduqca böyük rolu olub. Hələ sovetlər dönəmində heç bir respublika rəhbəri yaradıcı insanlara bu səviyyədə qayğı göstərməyib. Ancaq Heydər Əliyevin diqqəti daima mədəniyyət sahəsində çalışan insanların üzərində olub. Musiqi tariximizə artıq qızıl hərflərlə yazılmış əsərlər məhz onun diqqəti və dəstəyi nəticəsində ərsəyə gəlib, səhnəyə qoyulub və bu günə qədər də ifa olunmaqdadır. Bu kimi əsərlər sırasında Fikrət Əmirovun “Min bir gecə”, Aqşin Əlizadənin “Babək” baletlərinin səhnəyə qoyulmasında Heydər Əliyevin böyük rolu olub. Onun dəstəyi nəticəsində Azərbaycan professional bəstəkarlıq məktəbi özünün intibah dövrünə qədəm qoydu və bu günə qədər də özünü çox yüksək səviyyədə doğrultmaqdadır. Ulu öndərin bəstəkarlarla görüşləri, apardığı maraqlı söhbətlər yaradıcı insanların daha da ruhlanmasına, onların böyük səylə çalışmasına zəmin yaradırdı.

 

– Bilirəm ki, sizin də Ulu öndər Heydər Əliyevə həsr etdiyiniz əsər var...

– Hər bir sənət adamı kimi, mənim yaradıcılığıma da Heydər Əliyevin böyük təsiri olub. Mən özümü çox xoşbəxt sənətkar hesab edirəm ki, Heydər Əliyevi şəxsən görmüşəm və onunla bir dövrdə yaşamışam, onun çıxışlarını, tövsiyələrini dinləmişəm. Xüsusilə Heydər Əliyevin yaradıcılıq, mədəniyyət haqqında sözləri, çıxışları mənə, yaradıcılıq fəaliyyətimə mühüm təsir göstərib. Bu da sonda simfonik əsərin yaranmasında bir növ təkan rolunu oynayıb. 2013-cü ildə Ulu öndərin 90 illiyi münasibətilə “Əsrin dahisi” simfonik dastanını qələmə aldım. Əsər həmin ildə Niyazi adına simfonik orkestrin ifasında, dirijor Azad Əliyevin idarəsi ilə çox uğurla ifa olundu və lentə alındı. Bu günə qədər əsər dəfələrlə ifa olunub. Əsərin əsas ideyası Heydər Əliyevin şəxsiyyətində bəlli olan və bilavasitə mənə çox böyük təsir göstərmiş təkrarolunmaz keyfiyyətlərin musiqi dili vasitəsilə ifadəsi üzərində qurulub. Mən, ilk növbədə, əsərin konseptual quruluşunda, Heydər Əliyevin bir mətin siyasi xadim və eyni zamanda olduqca mülayim, kövrək bir insan kimi malik olduğu keyfiyyətləri musiqinin dili ilə təqdim etməyə çalışmışam.

 

– Bakı Musiqi Akademiyasında aparıcı elmi işçi kimi də fəaliyyət göstərirsiniz. Bir qədər də apardığınız araşdırmalar haqda danışardınız...

– Bəli, yaradıcılıqla paralel olaraq elmi işlərlə məşğul oluram. Artıq 26 ildir Ü.Hacıbəyli adına BMA-nın Elmi-tədqiqat laboratoriyasında çalışıram. Şifahi ənənəli professional musiqi, eyni zamanda muğamların notlaşdırılması, tədqiqi ilə, həmçinin müasir musiqinin problemlərinin elmi-nəzəri təhlili üzərində çalışıram. Bu sahədə 20 elmi məqalənin, eləcə də bir sıra elmi-praktik və elmi-yaradıcılıq işlərinin müəllifiyəm. Onu da deyim ki, akademiyanın rektorluğu və laboratoriyanın rəhbərliyi tərəfindən elmi araşdırmalarda əməkdaşlara böyük dəstək göstərilir. Elm və təhsilin paralel inkişafı çox vacibdir. Yeri gəlmişkən, bu günlərdə elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə BMA-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş respublika konfransı keçirildi. Konfransda bir çox maraqlı məruzələr dinlənildi, elmi araşdırmaların nəticələri diqqətə çatdırıldı.

 

– Musiqi mədəniyyətimizdə dəyişən reallıqlar, professional musiqiyə marağın azalması kimi məsələlər bu gün aktual mövzulardandır. Bəstəkar və tədqiqatçı kimi bu barədə nə deyərdiniz?

– Bu problemə birmənalı şəkildə yanaşmaq çətindir. Müasir dövrümüzdə professional musiqiyə maraq nisbətən azalıb. Bu daha çox həyatımızın kommersiyaya meylliliyi ilə əlaqədardır. Buna baxmayaraq müasir bəstəkarlarımızın yaradıcı fəaliyyəti yeni əsərlərin yaranmasına doğru yönəlib. Yəni professional musiqiyə maraq yenə var. Müasir bəstəkarlar Azərbaycan musiqisini xarici ölkələrdə daha çox və uğurla təbliğ edirlər. Xüsusilə gənc və orta nəsil bəstəkarların əsərlərinin Avropa ölkələrində ifası, ilk növbədə, Azərbaycan musiqisinin və eyni zamanda milli bəstəkarlıq məktəbinin geniş təbliğində əvəzolunmaz rol oynayır. Məhz bu xüsusiyyət də Ulu öndər Heydər Əliyevin bizə olan tövsiyələrindən biri idi...

Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent