Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə İslam İncəsənəti Biennalesi təşkil edilib. Kral Abdullah bin Əbdüləziz adına Beynəlxalq Hava Limanının Həcc terminalında yanvarın 23-dən mayın 23-dək davam edən biennaledə Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu da təqdim edilib.
Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən dəyərli eksponatlar, o cümlədən XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşa: geri dönüş” adlı multimedia instalyasiyası nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycan səsləri” adlı multimedia layihəsinin təqdimatı da olub. Təqdimatda tarzən İbrahim Babayev və qrafik dizayner Timur Əmirxan “Keçmişin səsi”, peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyev “Əbədi səs mənzərələri” adlı audiovizual instalyasiyalar ilə çıxış ediblər. Layihənin kuratoru Könül Rəfiyevadır.
Tədbirdə multimedia layihələri haqqında məlumat verilib. Qeyd olunub ki, “Keçmişin səsi” adlı audiovizual instalyasiya Azərbaycanın qədim petroqlifləri, həmçinin İslam mədəniyyətinin zəngin tarixi, incəsənətini özündə birləşdirən hipnotik bir zaman və mədəniyyət səyahətidir. Bu hər iki mədəniyyətin unikal incəsənət ifadələrini və aralarındakı dərin bağlantını ehtiva edir. Səs və vizual elementlər izləyicini İslam incəsənətinin gözəlliyini və mürəkkəbliyini, petroqliflərin əsrarəngiz cazibəsini hiss edə biləcəyi başqa bir dünyaya aparır. İnstalyasiya bir neçə hissəyə bölünüb, hər biri İslam incəsənəti və petroqliflərin müxtəlif aspektlərini birləşdirir. İlk bölmə izləyiciyə İslam incəsənəti dünyasını təqdim edərək, onun gözəlliyini, kompleksliyini göstərir. İkinci bölmə izləyicini Azərbaycanın qədim petroqliflərini araşdırmağa aparır və onların sirlərini, eləcə də qəhrəmanlıqlarını nümayiş etdirir. Üçüncü bölmə iki dünyanı birləşdirir, İslam incəsənəti və petroqliflər arasındakı bağlantıları, həmçinin onların bir-birinə təsirini vurğulayır.
“Əbədi səs mənzərələri” adlı audiovizual instalyasiyalar isə Azərbaycan, Qazaxıstan və Özbəkistan xalqlarının musiqi mənbələrini ən son texnologiyalarla birləşdirən canlı ifadır. Bu innovativ layihə postsovet İslam ölkələrinin musiqi ənənələrinin zəngin irsini əks etdirir.
Biennale müddətində Azərbaycan pavilyonu geniş maraq doğurub. Tədbir çərçivəsində Azərbaycan mətbəxinin tanıtımı məqsədilə milli təamların nümayişi də olub. Milli yemək və şirniyyatlar ziyarətçilərə təqdim edilib.