Xocavənd rayonu ərazisindəki dünyaca məşhur qədim yaşayış məskəni – Azıx mağarasında tədqiqat işlərinin aparılması üçün işçi qrup yaradılıb.
Bu barədə məlumat verən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov bildirib ki, ekspedisiyaya beynəlxalq ekspertlərin də cəlb olunması üçün danışıqlar aparılıb.
Baş direktor qeyd edib ki, müvafiq tapşırıq veriləndən sonra 15 gün müddətində ekspedisiya qrupu bir araya gələcək və Azıx mağarasında tədqiqatlar başlanacaq. Arxeoloji qazıntılar aparılmayacaq, sadəcə nümunələr götürüləcək və analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Bundan başqa, Tağlar mağarasında da tədqiqatlar aparılacaq.