Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, Əməkdar müəllim Ənvər Vəliyev mayın 23-də, ömrünün 78-ci ilində vəfat edib.

Ənvər Əliyulla oğlu Vəliyev 1945-ci il mayın 14-də Bakıda anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu ixtisası üzrə bitirib. Tələbəlik dövründə institutun nəzdindəki “Tədris teatrı”nda fəaliyyət göstərib.

1971-ci ildə “Ulduzlar sönmür” filmində (rejissor Əjdər İbrahimov) Bünyad obrazında çəkilib. Bir neçə sənədli filmi səsləndirib.

Ali təhsilini başa vurduqdan sonra institutda pedaqoji fəaliyyətə başlayıb, Səhnə danışığı kafedrasında çalışıb. O, 40 ildən çox bir neçə aktyor nəslinin yetişdirilməsinə töhfələr verib, tələbələrə nitq mədəniyyəti və səhnə danışığının sirlərini öyrədib. Həmçinin səhnə mədəniyyətinin tədrisi üzrə çoxsaylı metodiki vəsaitlər ərsəyə gətirib. “Səhnə danışığının digər ixtisas fənləri ilə birgə tədrisinə dair metodik göstəriş”, “Mikrofon qarşısında”, “Televiziyada danışıq” proqramı (Azad Şükürovla birgə), “Dram teatrı və kino aktyorluğu ixtisası üzrə səhnə danışığı fənninə dair proqram və metodik göstərişlər” (Əzizağa Quliyevlə birgə) və s. proqram və metodik göstərişləri tədris prosesində dəyərli vəsait kimi istifadə olunur.

Ənvər Vəliyevin xatirəsi onu tanıyanların, həmkarlarının və çoxsaylı yetirmələrinin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.