Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də UNESCO-ya müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.

UNESCO bu günlərdə müraciətə rəsmi cavab verib. İcmanın mətbuat xidmətindən bildirilib ki, məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə qaldırılan məsələnin UNESCO-nun mandatına birbaşa aidliyi vurğulanıb və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib.

UNESCO-nun göndərdiyi məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, beynəlxalq aləmdə Qərbi Azərbaycan İcmasının mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən UNESCO ilə icma arasında predmetli dialoq yolunda əhəmiyyətli addımdır.

İcma Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.