Şəmistan Nəzirli. Bu imzanı yəqin ki, çoxları, xüsusən də Azərbaycan hərb tarixini izləyənlər tanıyır. İstedadlı yazıçı, yorulmaz tədqiqatçı-jurnalist Azərbaycan hərb tarixini yaradanların sırasında özünəməxsus yer tutur.
   
   Keçmiş SSRİ məkanında az arxiv tapılar ki, Şəmistan Nəzirli onun tozlu, neçə-neçə sirr saxlayan saysız-hesabsız qovluqlarını vərəqləməsin. Bakıda, Moskvada, Sankt-Peterburqda, Tiflisdə və digər şəhərlərdə aylarla axtarışlar apararaq hərb tariximizin bir çox simalarını, unudulmuş, unutdurulmuş generalların adlarını, həyat və fəaliyyətlərini üzə çıxarıb. Onun bu mövzuda yazdığı hər bir əsər tariximizin səhifələrinə işıq salır.
   Şəmistan Nəzirli imzası “Vurğun keçib bu yerlərdən” adlı publisistik xatirələr toplusu ilə tanınıb. Müəllif böyük məhəbbət və həvəslə görkəmli Azərbaycan şairi ilə bağlı xatirələri toplayaraq müxtəlif mətbuat orqanlarında çap etdirib. Yazıçı-jurnalist hərb tariximizdə layiqli yer tutan, Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, onun həyat yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım barədə çoxlu materiallar toplayaraq sanballı tədqiqat əsərləri yazıb. O, ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov, ilk topoqraf-generalımız İbrahim ağa Vəkilov, general-leytenant Balakişi bəy Ərəblinski barədə dəyərli araşdırmalar aparıb.
   Şəmistan Nəzirli öz araşdırmalarına ilk növbədə hər bir tədqiqatçının üz tutduğu ünvandan - kitabxanalardan başlayır. Onun müraciət etdiyi kitabxanalardan biri də Səbail rayon MKS-in Mərkəzi Kitabxanasıdır (keçmiş M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu).
   Şəmistan Nəzirli zəhmətkeş bir tədqiqatçı olmaqla yanaşı, həm də gözəl insan və zəhmətsevər oxucudur. Onun bu müsbət xüsusiyyətləri və daim yaradıcı axtarışları biz kitabxanaçıların da diqqətindən yayınmır. Kitabxanamızın fondunda onun qələminə məxsus bir çox kitablar var: “Qarabağ döyüşləri”, “Güllələnmiş Azərbaycan generalları”, “General Əliağa Şıxlinski ömrü“, “Yaddaşlarda yaşayan Vurğun”, “Vurğun keçib bu yerlərdən”, “Qacarlar”, “Qəribə talelər” və s. Bu kitabların hər vərəqində xalqımızın hərb tarixindən səhifələr, sərkərdə oğullarımızın döyüş və ömür yolu, Azərbaycan hərb tarixinin geniş ictimaiyyətə bəlli olmayan məqamları öz əksini tapıb.
   Ş.Nəzirli hələ tələbəlik illərindən maraqlandığı, tarixini tədqiq etdiyi Qori və Qazax seminariyaları haqqında “Qoridən gələn qatar” sənədli povestinin yeni nəşrini kitabxanamıza təqdim edib. Bu əsər müəllifin öz oxucularına böyük töhfəsidir.
   
   Şəbnəm Babaşova,
   Səbail rayon MKS-nin metodisti






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar