24-26 may tarixlərində Naxçıvan şəhərində Elm və Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil ocaqlarındakı SABAH qruplarının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan incəsənət festivalı keçirilib.
Ənənəvi festivalın məqsədi SABAH qruplarında təhsil alan tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.
Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının tələbələri öz bilik, bacarıq və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Mayın 24-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında festivalın təntənəli açılış konserti keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən – “Tarixə çevrilən ömür” adlı qısa videoçarx nümayiş olunub.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin çıxışları dinlənildikdən sonra səhnə tələbələrin ixtiyarına verilib.
Konsertdə BMA-nın tələbələri və SABAH qrupunun xoru (bədii rəhbər Dmitri Babayev), nəfəs alətləri kvinteti (bədii rəhbər Anar Məmmədov) parlaq çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar. Proqramda “Küçələrə su səpmişəm”, “Sarı gəlin” xalq mahnıları və C.Cahangirov, R.Mirişli, F.Əmirov, L.Anderson, F.Şubert, N.Əliverdibəyov, T.Quliyev və Q.Qarayevin əsərləri səsləndirilib.
Musiqi axşamı BMA-nın SABAH qruplarının orkestri və Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin ifasında Ü.Hacıbəylinin “Arazbarı” zərbi-muğamı ilə başa çatıb.