Kann festivalının baş mükafatını Jüstin Trienin filmi qazanıb...

 

Xəbər verdiyimiz kimi, 16-27 may tarixlərində 76-cı Kann Film Festivalı keçirilib. Festivalın əsas müsabiqə proqramında baş mükafat – “Qızıl palma budağı” uğrunda 19 film yarışıb. Festivalın son günü qalib və müxtəlif nominasiyalar üzrə mükafatçılar elan edilib.

İsveç rejissoru, “Qızıl palma budağı”nın ikiqat qalibi Ruben Estvudun başçılıq etdiyi jürinin qərarı ilə festivalın baş mükafatına fransız rejissor Jüstin Trie (Justine Triet) “Düşmə trayektoriyası” (“Düşmə anatomiyası”) filminə görə layiq görülüb. 45 yaşlı xanım rejissor tammetrajlı ilk filmini 2013-cü ildə çəkib və bu onun böyük kinoda sayca 4-cü işidir. Film ərinin qayadan yıxılaraq müəmmalı şəkildə ölməsindən sonra cinayət şübhəsi ilə həbs edilən alman qadın yazıçının (aktrisa Sandra Hüller) hekayəsindən bəhs edir. Hadisənin yeganə şahidi onun kor oğludur və o, anasının günahsız olduğuna şübhə etməyə başlayır.

Kann Film Festivalının ikinci mükafatı sayılan Qran-pri (Grand Prix) ilə britaniyalı rejissor Conatan Qlazerin (Jonathan Glazer) “Maraq zonası” filmi təltif olunub.

Əsas müsabiqə proqramının üçüncü dərəcəli mükafatı olan “Jüri mükafatı”na (Prix du Jury) isə Finlandiya rejissoru Aki Kaurismakinin “Tökülmüş yarpaqlar” filmi layiq görülüb.

Digər nominasiyalara gəlincə, “Ən yaxşı qadın rolu” mükafatını türkiyəli aktrisa Merve Dizdar (“Quru otlar üstünə” filmi, rejissor Nuri Bilge Ceylan) qazanıb. İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimənin həyatından bəhs edən film yaşadığı ruh qaraldan gerçəklərə rəğmən gələcəyə ümidlərini itirməyən gənc və tənha insanların hüznlü hekayəsidir.

“Ən yaxşı kişi rolu” mükafatına alman rejissor Vim Vendersin “Gözəl günlər” filmində ayaqyolu təmizləyən qəhrəmanı oynayan yaponiyalı aktyor Koji Yakuşo layiq görülüb.

“Ən yaxşı rejissor” nominasiyası üzrə Vyetnam əsilli Fransa rejissoru Çan An Hunq (“Doden Buffanın raqusu” filmi) təltif olunub.

“Ən yaxşı ssenari” mükafatını isə yaponiyalı Hirokadzu Koreedanın “Bədheybət” (“Monster”) filminin ssenarisini yazmış həmvətəni Yuji Sakamoto qazanıb.

V.Kamal