Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə iyunun 2-də Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsert keçirilib.
Konsert Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan filialının, SOCAR-ın Kulevi Terminalının, “Dapna” və “AS Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Konsertə gələn qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Heydər Əliyev 100: firavanlığın memarı” kitabı təqdim olunub.
Binanın ikinci mərtəbəsindəki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Gürcüstana səfərlərini və keçirdiyi tarixi görüşləri əks etdirən fotosərgi açılıb.
Konsertdən əvvəl çıxış edən səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin tarixi rolunda söz açıb. Ulu öndərin musiqiyə, incəsənətə və mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərdiyini qeyd edən diplomat Tbilisi Dövlət Opera və Balet Teatrında belə bir möhtəşəm konsertin təşkilini gürcü xalqının da yaxın dostu Heydər Əliyevin xatirəsinə yüksək ehtiramın sübutu kimi dəyərləndirib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu öndərin 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü bildirib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili ömrünü xalqa xidmətə həsr etmiş Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, dünyanın bir çox ölkəsində mədəni irsin qorunmasına, bərpasına dəstək verən Fond Gürcüstanda da bir sıra mədəni layihələr həyata keçirib.
Sonra Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Tbilisi Dövlət Opera və Balet Teatrının orkestrinin konsert proqramı təqdim edilib. Orkestrin ifasında ilk olaraq Niyazinin və Fikrət Əmirovun musiqiləri səslənib.
Tanınmış gürcü opera müğənnisi Tamuna Çeqanata, pianoçu Elisa Volkvadze, azərbaycanlı vokalçı, Xalq artisti Samir Cəfərov, kamança ustası Elnur Mikayılov, muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva və başqaları Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. M.Mirələmovun və K.Nəbiyevanın ifasında “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi coşqu ilə qarşılanıb.