Bu günlərdə YARAT Müasir İncəsənət Mərkəzində premyerası keçirilən “Hədis” qısametrajlı animasiya filmi Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqə proqramına daxil edilib. Animasiya sahəsində dünyanın ən böyük festivalı 11-17 iyunda Fransanın Annesi şəhərində keçiriləcək.
Azərbaycan Animasiya Assosiasiyasından bildiriblər ki, rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. Film 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
YARAT-da keçirilən premyeradan əvvəl muğam musiqisi səslənib. Tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa ediblər.
Filmin nümayişindən sonra yaradıcı kollektivlə sual-cavab sessiyası olub.
Builki Annesi Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə 112 ölkədən 3 mindən çox film təqdim edilib. Qısametrajlı kateqoriyada yarışa “Hədis” də daxil olmaqla cəmi 71 film layiq görülüb.
Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesova, montajçı Jorge Sánchez Calderon, bəstəkar Ondrej Zavadildir. Filmi səsləndirən Zöhrə Kərimi, redaktor Rafiq Məmmədlidir. Filmin partiturasında Əməkdar artist Sevda Ələkbərzadənin ifasında mahnı səslənir.
“ANİMAFİLM Studio”nun istehsalı olan “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin dəstəyi ilə çəkilib.