Lənkəran şəhərində yerləşən, el arasında Zindan qalası kimi tanınan Dairəvi qala qəzalı vəziyyətə düşüb. Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib. Hazırda qalada təmir-bərpa işlərinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə ərazisindəki tarix-mədəniyyət abidələrində monitorinqlər aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Lənkərandakı Dairəvi qala dam örtüyünün çökməsi ilə bağlı qəzalı vəziyyətə düşüb, hazırda bununla bağlı qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgənin rus qoşunlarının işğalından sonra tikili həbsxana kimi istifadə edilib. Dairəvi qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.
Dairəvi qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.