Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə 5-9 iyun tarixlərində “Pillə 2” Tələbə Tamaşaları Festivalı keçiriləcək.
Festivalın proqramına ADMİU-da aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları ilə yanaşı, Bakı Dövlət Universiteti tələbələrinin hazırladığı “Yarımçıq qalmış” tamaşası da daxildir.
Qaliblər peşəkar teatrşünasların, tənqidçilərin münsifliyi ilə müəyyənləşəcək. “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.
Festival tamaşalarının müzakirəsinə tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu da cəlb olunub. Festival haqqında ən yaxşı məqalə müəllifi olan tələbə də universitet tərəfindən mükafatlandırılacaq.
Artıq ənənə halını alan festival tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi məqsədi daşıyır.