Xalq artisti, bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Misirin paytaxtı Qahirədə keçirilən Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festivalın (International Festival for Drums and Traditional Arts) mükafatına layıq görülüb. Bu barədə ölkəmizin Misirdəki səfirliyindən məlumat verilib.
Misir Mədəniyyət Nazirliyinin təşkil etdiyi və 23 ölkədən sənətçilərin qatıldığı festival iyunun 2-də başa çatıb.
Tədbirin son günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu musiqiçi kimi fəaliyyəti, eləcə də diplomatik işdə çalışması haqqında məlumat verilib, ənənəvi incəsənətin inkişafındakı rolu yüksək dəyərləndirilib.
Festival təşkilatçıları tərəfindən Polad Bülbüloğluna ünvanlanmış mükafat və sertifikat Azərbaycanın Misirdəki səfir Elxan Poluxova təqdim olunub.
Festivalla əlaqədar nəşr edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də yer alıb.
Azərbaycanın incəsənət xadiminə verilən dəyərə və mükafata görə Misir tərəfinə təşəkkürünü bildirən səfir E.Poluxov Polad Bülbüloğlunun ölkəmizin milli musiqi tarixində mühüm rolundan və diplomatik xidmətlərindən söhbət açıb.
Qahirədə ənənəvi olaraq hər il keçirilən festivala dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Builki tədbirdə Afrika, Avropa, Asiya və Latın Amerikasından qruplar çıxış ediblər.