Şəki teatrının Bakıya gətirdiyi “21:15 qatarı” haqqında

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə reallaşan “Qonaq teatr” layihəsində bu dəfə Şəki Dövlət Dram Teatrı paytaxtda sənətsevərlərlə görüşüb. Yaradıcı kollektiv iyunun 5-də ATXİ-nin səhnəsində türk yazar Toyğun Orbayın “21:15 qatarı” pyesinin tamaşasını təqdim edib.

Bir neçə il əvvəl Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında uğurlu səhnə ömrü yaşayan bu əsər ümumən həyat və ölüm haqqında düşüncələrin ifadəsi kimi oyunçudan da, tamaşaçıdan da bir anlamda “ruhundan ayrılmağı” tələb edir. Qəhrəmanın da dediyi kimi, “içiboş cismə tamaşa üçün”. Onu da qeyd edim ki, ixtisasca beyin cərrahı olan müəllifin 2002-ci ildə qələmə aldığı pyes Türkiyənin bir neçə teatrında, eləcə də ölkəmizlə yanaşı, Fransa və İngiltərədə səhnəyə qoyulub.

Bir neçə il əvvəl Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında uğurlu səhnə ömrü yaşayan bu əsər ümumən həyat və ölüm haqqında düşüncələrin ifadəsi kimi oyunçudan da, tamaşaçıdan da bir anlamda “ruhundan ayrılmağı” tələb edir. Qəhrəmanın da dediyi kimi, “içi boş cismə tamaşa üçün”. Onu da qeyd edim ki, ixtisasca beyin cərrahı olan müəllifin 2002-ci ildə qələmə aldığı pyes Türkiyənin bir neçə teatrında, eləcə də ölkəmizlə yanaşı, Fransa və İngiltərədə səhnəyə qoyulub.

Şəki teatrında “gerçəkliyin məngənə oyunu”na gənc rejissor, maraqlı düşüncə və zövqə malik Elvin Nuri quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artistlər Akif Yusifov (Vağzal məmuru), Rəhim Qocayev (Kişi), aktyorlar Lalə Məmməd (Qadın) və Rəsul Məmmədrəhimov (İkinci kişi) ifa edirlər.

...Bir platformalı kiçik dəmiryol vağzalı: sağ tərəfdə qapısı platformaya baxan, kiçik pəncərəsi səhnəyə açılan bir otaq var. Pəncərənin üstündə “Kassa” yazılıb. Tamaşaçılarla üzbəüzdə  skamya, skamyanın solunda isə lampaları solğun, sarımtıl işıq saçan iki elektrik dirəyi. Sağda – otağın ön divarının lap yuxarısında asılan vağzal saatı 21:15-i göstərir. Səhnə elə işıqlandırılıb ki, gecə olduğu bilinir.

Pərdə açılır. Kişi skamyada əyləşib qəzet oxuyur, eyni zamanda qulaqlıq taxıb musiqi dinləyir. Vağzal məmuru uzunsaplı süpürgə ilə yeri süpürür, topladığı çör-çöpü – skamyadakı qadın çantasını, səhnənin önündəki saat əqrəbini – zibil qutusuna atır. Sonra əsgi ilə skamya, lampa və kassa pəncərəsinin tozunu alır. Əynindəki təmiz, lakin nimdaş nəzarətçi geyimi, qocaldığı, artıq pensiya yaşına çoxdan çatdığı əyilən qamətindən sezilsə də, buna inad çevikliyi də sezilir. İşini tamamlayır. Sonra heç vaxt bilet satıb, qatar qarşılayıb, yola salmağını görmədiyimiz kassasına – özünün kiçik məzarına girir.

Ucaboylu, səliqəli geyimli ortayaşlı kişi də öz işindədir – qəzetdən oxuyub, musiqidən zövq aldığını göstərir. Vağzala gələn ortayaşlı, səliqəli və tələskən qadının da fərqində deyil. Qadın çamadanı çəkə-çəkə kassaya yaxınlaşır və şüşəni döyür. Vağzal məmuru pəncərəni açır. Qadın həyəcanlı halda 21:15 qatarının nə zaman gələcəyini soruşur. Etinasız deyilən “bilmirəm”dən əsəbiləşərək vağzal saatına baxır, “saat 21:15 olub ki...” deyərək ümidsizcəsinə dəmir yoluna boylanır.

Yaşlı məmur pəncərəni örtür, sonra qapını açıb eşiyə çıxır, süpürgəni götürüb təzədən yeri süpürməyə başlayır. Qadın çaşqınlıq içində onu seyr edir. Sonra suallardan və səbirsiz sərnişinlərdən bezmiş halda “Xanım, o saat həmişə 21:15-i göstərir” deyir. Sonra daha da gərilərək ona “Yaxşı, onda, Allah xətrinə, deyin: bu mirət qatar, adətən, saat neçədə gəlir?” sualını verən qadının intizarına birdəfəlik son qoyaraq qəti şəkildə “Heç neçədə” cavabını verib, yenə də kassa-məzarına girir.

Qadın çaşmış halda bir müddət yerində donub qalır. Sonra çamadanını çəkə-çəkə Kişinin əyləşdiyi skamyaya yaxınlaşır və bir qıraqda əyləşir. Hərdənbir dönüb nəzərlərini Kişiyə zilləyir. Amma o, qəzet oxumağa, musiqi dinləməyə elə aludə olub ki, bu baxışları hiss eləmir.

Onlar bir-birinin fərqinə varmaq üçün çoxdan gecikmiş iki son yolçudurlar. Əslində, heç biri niyə və nə üçün yaşadıqlarını, daha doğrusu, niyə bu boyda ömrü istədikləri kimi yaşamadıqlarını dərk ediblər.

Tamaşa boyu biz həyata gələndən ölüm uğrunda mübarizəmizi, əslində, dünyaya ölmək üçün gəldiyimizi dərk etdiyimiz halda belə yaşamaqdan çox, “yaşatmaq”, “başqaları nə deyər, nə düşünər”, “bəlkə belə olsa, daha yaxşıdır”, “yox əşi, sabah daha maraqlı olar”, “qoy, bu gün, bu ay, bu il keçsin, daha yaxşı olacaq” kimi cəfəng və tüfeyli düşüncələrimizin darmadağın olduğunu dərk edirik.

Doğurdan e, məgər elə deyil? Elə bil kimsə mərkəzdə oturub, əlini çənəsinə dayayan teatrşünası, yarıqaranlıq səhnədə işığı düzgün nöqtəyə verməyən işıq rəssamını,  telefonunu səssiz rejimə qoymayan qıvrımsaç gənci, kamerasının işığını söndürmədiyi halda düz zalın ortasında o yan-bu yana gedən təcrübəsiz televiziya operatorunu nişan verirmiş kimi nə isə pıçıldayır: Sənin qatarın nə vaxt gələcək?...

Onlar da, siz də, elə mən də yoruldum. Bu an sonda onsuz da hamının vədəsiz hesab etdiyi səs gəlir – taq, taq, taq. Bayaqdan gərilən sinirlərə ürək döyüntülərinin artan ritmi də əlavə olunur. Qadın tələsir, sevinir, həyəcanlanır. Kişi isə “Hazırlamalı bir şeyim yoxdur. Həm də, o çamadanı əziyyət çəkib sürütləməyin, 21:15 qatarına yük götürmürlər!...” deyib uzun işıq dirəyinin öləziyən ziyasında özü də bir dirəyə “dönür”. Qadın isə Kişinin nə dediyini sanki eşitmir. Həyəcanlı halda, çamadanını sürütləyə-sürütləyə, platformanın arxa tərəfinə keçərkən “gəlsənizə!” deyib qatar yoluna boylanır.

Kişi isə heç yerindən də qımıldanmır. Birdən işıqlar sönür. Sürətlə keçən qatarın fit səsini xatırladan uğultu vağzala yaxınlaşdıqca güclənir, vağzaldan uzaqlaşdıqca zəifləyir. Səhnənin arxasındakı divara sanki sürətlə keçib gedən qatarın açıq pəncərələrindən işıqlar düşür. Tamaşaçıların qulağına relslərə dəyən təkərlərin səsi gəlir. Birdən işıqlar itir, relslərə dəyən təkərlərin səsi get-gedə uzaqlaşır və nəhayət, gecənin qaranlığında əriyib yox olur.

Səhnə təkrar işıqlananda Qadın çaşqın halda görünür. O, heyrət içində vağzal məmuruna baxır. Kişi isə artıq yoxdur. Kitabı və musiqi dinləmək üçün cihazı bir az əvvəl əyləşdiyi skamyanın üstündədir.

Yalnız bu zaman “Dayanmadı!” deyən qadının necə ağır yükün altında olduğunu hiss edirik. Bu itki bircə adətkər vağzal məmurunun vecinə deyil. Odur ki, yenidən bezmiş halda geriyə – otağına gedə-gedə “Zatən heç dayanmır” nidasında işini, ola bilər ki, həm də ömrünü bitirir.

Qadın isə hələ də çaşqınlıq içindədir. O, geriyə dönüb Kişinin yerində olmadığını görəndə tək həmsöhbətini itirməyin verdiyi əzabla məmurdan onun da yerini xəbər alır. “Xanım, nə bəy? Burada bəy-filan olmayıb” cavabından sonra hər şeyin fərqinə varır. Düşən çiyinləri, sinəsinə əyilən başı və rabitəsiz nitqi onu gerçəyin içinə çəkir. Ağır addımlarla Kişinin bir az əvvəl əyləşdiyi skamyaya tərəf gedir və kitabı əlinə alıb, səhifələri yavaş-yavaş çevirir. Bu vaxt İkinci kişi ağır çamadanlarını darta-darta səhnəyə qalxır. Qatarın nə vaxt gələcəyini soruşub əşyalarını kassanın önünə qoyub bilet almağa tələsir. Beləcə, tarix və dialoqlar təkrarlanır. Heç vaxt başqaları üçün gəlməyəcək “21:15 qatarı”nın sərnişini olan Qadın gülümsəyərək yeni sakinə nə isə izah etməyə çalışır. Sonra fikrindən daşınıb o da qatar gəlincəyədək susur...

Tamaşa, onun müəllif ideyası və quruluşu, aktyor oyunu, ələlxüsus da əsas plana xələl gətirməyən əlavə keçidlər əsərin tam mahiyyətinə varmaq baxımından uyğun səhnə aktı  idi. Yeganə qüsur ölümdən keçən və onu gözləyən iki nəfərin dialoqundakı qışqırtı, qeyri-adi hərəkətlilik, tamaşaçının fikrini dağıdan izafi  jestlər, seyrçiyə xitab dönüşləri əsas ideyanın birbaşa nüfuz etməsinə xələl gətirirdi. 

Qonaq teatrın paytaxt  tamaşaçıları ilə görüşü ümumən maraqlı oldu. Deməli, Şəki teatrı hər zaman olduğu kimi, öz ampluasında qaldığını və ənənəsini ustalıqla yaşatdığını tamaşaçıya elan-təqdim edə bilir.

Həmidə Nizamiqızı