Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş “Dünya mirvarisi-2023” beynəlxalq gözəllik və istedad müsabiqəsinin qalibi azərbaycanlı Kamilə Ələsgərova olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Səidaş” Mədəniyyət Mərkəzində keçirilən yarışmanın finalında 14 ölkə təmsil olunub. Final iştirakçıları milli mətbəx təamı ilə bağlı videotəqdimat edib, intellektual müsabiqəyə və dəfiləyə qatılıblar.
“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı gənclər bölməsinin sədri Kamilə Ələsgərova “Şah-plov”un hazırlanmasından danışıb və “Şalaxo” milli rəqsini məharətlə ifa edib. Rəqs nömrəsində ona “Ulduzlar bürcü” teatrının aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.
Müsabiqənin birincisi olan Kamilə Ələsgərova səsvermənin nəticələrinə görə, “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb.