Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatı

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Əməkdar jurnalist Nadejda İsmayılovanın Xalq yazıçısı, kinodramaturq, Dövlət Mükafatı laureatı Maqsud İbrahimbəyova (1935-2016) həsr edilmiş “Maqsud əbədidir” (Azərbaycan və rus dillərində) kitabı çap olunub.

İyunun 7-də Bakı Kitab Mərkəzində sənədli povestin təqdimatı keçirildi.

Mərkəzin direktoru Günel Anarqızı qonaqları salamladı və “Maqsud əbədidir” kitabının bu məkanda təqdim olunmasından məmnunluğunu bildirdi.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova dedi ki, əsər təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bioqrafik nəsr nümunəsidir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi yazıçının özünəməxsus yaradıcılığından söz açdı. Bildirdi ki, M.İbrahimbəyovun əsərləri bütün nəsillər tərəfindən sevilir, qəhrəmanlarının hər birinin koloriti və yaddaqalan xarakteri ilə diqqəti cəlb edir: “Bizim nəsil onun nəsrinin ab-havasına köklənər, qələmindən çıxan yazıları böyük həvəslə gözləyər, kitablarını maraqla oxuyardı. O, bütöv bir nəslin ədəbi siması olmaqla yanaşı, həm də əbədi oxunacaq bir yazıçıdır”.

Müəllif Nadejda İsmayılova yazıçı ilə bağlı xatirələrini bölüşdü. Diqqətə çatdırdı ki, əsər ədibin arxiv materialları, əlyazmaları dəqiq araşdırılaraq ərsəyə gətirilib. O, kitabın çapına görə Heydər Əliyev Fonduna və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Təqdimatda çıxış edən digər qonaqlar da M.İbrahimbəyov haqqında xatirələrini bölüşdülər, yazıçının yaradıcılığının özünəməxsusluğundan söz açdılar. Çıxışlardan sonra rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi “Bağçada rahat yer” adlı eksperimental interaktiv tamaşa göstərildi. M.İbrahimbəyovun “Püstə ağacı”, “Bağçada rahat yer” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanmış səhnə işində rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abbaszadə, Şahin Növrəsli yer alıb. Bəstəkar Şahin Növrəsli tamaşada həmçinin royal arxasında musiqi kompozisiyaları ifa etdi.

Qeyd edək ki, “Maqsud əbədidir” kitabının ilk təqdimatı iyunun 2-də Heydər Əliyev Mərkəzində keçirilmişdi.

Lalə Azəri