Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında səhnəyə qoyulan "Biganə məşuq" tamaşasının premyerası olub. İyunun 9-da ilk nümayişi keçirilən tamaşa teatrda yeni yaradılmış “ArtStudiya”da hazırlanıb.

Ümumbəşəri duyğular fonunda qadın-kişi münasibətlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir. Əsas rolları Aydan Həsənzadə və Məmmədağa Əlili Canzadə ifa edirlər.

Birhissəli səhnə əsərinin mövzusu məşhur fransız müğənnisi Edit Piafın (1915-1963) həyatından götürülüb. Lyüsi adlı müğənni böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa çalışır. Ancaq onun xəstəlik həddinə güclü sevgisinə laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdə çox böyük ehtirasla sevən qadın, o biri tərəfdə biganə məşuq. Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyinin necə olması tamaşada əksini tapıb.