Qloballaşma və inteqrasiya proseslərinin gündəmə gətirdiyi problemlər arasında şifahi ənənəvi musiqi mədəniyyətinin taleyi və tar ifaçılığının inkişafı ilə bağlı olan məsələlərin araşdırılması indiki zamanda çox aktualdır.
Təbii ki, qloballaşma dövrü ilə bağlı olan bu və digər problemlər (həm nəzəri, həm də təcrübə baxımından) ənənəvi instrumental ifaçılıqla məşğul olan heç bir kəsi laqeyd qoya bilməz. Bir fikri burada vurğulamaq istərdim: Musiqi ifaçılığına “sonluq” anlayışını tətbiq etmək qeyri-mümkündür. Çünki məhz musiqi ifaçılığı örnəkləri çağdaş zamanənin gələcəyini təmin edən keçmişin bir nişanəsidir.
Əsrlər boyu biçimlənmiş ənənələr üzərində pərvazlanan tar ifaçılığı bu gün də düzgün və professional tərzdə ifa olunmalıdır. Ancaq çağdaş dövrümüzdə müşahidə etdiyimiz bəzi hallar musiqiçiləri, dinləyiciləri, tar ifaçılarını narahat etməyə bilməz. Məsələn, instrumental ifa zamanı musiqi cümlələrinin mənasının təhrif olunması, muğama yad olan xırdalıq və elementlərin əlavə edilməsi, musiqinin məntiqi inkişafına mane olan hədsiz sərbəst ifa tərzi də tez-tez baş verən nöqsanlar kimi qeyd oluna bilər. Toxunmaq istədiyim digər bir məsələ tar ifaçılığında ənənələrə söykənən yeni və müasir ifa tərzidir.
Məlum olduğu kimi, incəsənətin (musiqi ifaçılığında) hətta ənənəvi növlərində belə daimilik məfhumu yoxdur. Hər bir istedadlı ifaçı, təbii ki, ənənəvi muğamları özünəxas olan tərzdə ifa edir. Bəzi hallarda isə xüsusi istedada malik olan ifaçıların yaradıcı axtarışları yeni mizrablar, xırdalıqların və s. meydana gəlməsi ilə nəticələnir. Görkəmli tar islahatçısı Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) tərəfindən təkmilləşdirilmiş tar musiqi aləti Yaxın Şərqin musiqi məkanını fəth etməyə nail olub.
XX əsrin 20-ci illərinin sonunda o dövrün dardüşüncəli məmurları “proletariatın mədəni tələblərinə cavab verməyən” tarı muzey arxivlərinə təhvil vermək iddiası ilə çıxış etmişdilər. Yalnız Üzeyir bəyin gərgin fəaliyyəti nəticəsində yeni not sisteminə keçirilmiş tar bütün çətinlikləri dəf edərək öz inkişaf tarixinin yeni mərhələsinə qədəm basmışdır. Sonrakı dövrlərdə Azərbaycanda tar ifaçılıq tarixinə parlaq səhifələr yazmış bəstəkarlar – S.Rüstəmov, Ə.Bədəlbəyli, H.Xanməmmədov və başqaları, tarzənlər – Q.Pirimov, M.M.Mansurov, Ə.Bakıxanov, B.Mansurov. H.Məmmədov, Ə.Dadaşov və digərləri vacib uğurlara imza atmışlar.
XIX-əsrin 80-90-cı illəri – bu tarix göstərir ki, “yüksək texnologiyalar” dövründə zamanın nəbzini tuta bilməyən bəzi xalq çalğı alətləri tənəzzülə uğramışdı. XX əsrin 70-ci illərdən başlayaraq tar aləti ulu muğamlardan tutmuş ən müasir əsərlərə qədər ifa etməyə qadir olan universal bir alətə çevrilmişdir. Tar ifaçılarının xarici ölkələrdə çıxışlarını işıqlandıran mətbuat orqanlarının icmalı bir daha sübut edir ki, tarzənlərimizin emosional təsir dairəsi hüdudsuzdur, poetikası ən mürəkkəb ifa texnikasını zənginləşdirməyə qadirdir.
Sonda qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və ali təhsil musiqi ocaqlarının iştirakı ilə birgə həyata keçirilən beynəlxalq muğam festival və müsabiqələri, elmi simpozium və digər elmi yaradıcılıq tədbirləri bu istiqamətdə öz səmərəsini göstərmişdir. 2012-ci ildə Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına salınması bunun əyani sübutudur.
Məhz qeyd olunan bütün bu nailiyyətlərin nəticəsində tar aləti və onun ifaçılığı dəyişən və qloballaşan dünyamızda Azərbaycan mədəniyyətinin vizit kartına çevrilmişdir.
Ramiz Quliyev
Ü.Hacıbəyli adına BMA-nın professoru, tarzən