Təhsillə bərabər, teatr, səhnə yolunda ilk peşəkar addımlarını atanlar sənətdə qazandıqları bilik və bacarıqları daha bir “Pillə”yə çıxaraq nümayiş etdirməyə çalışdılar. 5-9 iyun tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə keçirilən ikinci “Pillə” Tələbə Tamaşaları Festivalı diqqətçəkən təqdimatlarla yadda qaldı.

Festivalın proqramı, mövzu və janr sıralaması da rəngarəng idi. Tələbə tamaşaları universitetin əsas və kiçik səhnələrində göstərildi: B.Nuşiç – “Nazirin xanımı”, Teatr sənəti fakültəsi, IV kurs (kurs rəhbəri Gülşad Baxşıyeva); S.Mrojek – “Karol”, Teatr sənəti fakültəsi, III kurs, rus bölməsi (kurs rəhbəri Ruslan İsmayılov); R.Bredberi – “Və ildırım çaxdı”, Teatr sənəti fakültəsi, III kurs (rejissor Raya Şərifova); T.Cücənoğlu – “Uçqun”, Teatr sənəti fakültəsi, III kurs (kurs rəhbəri Yaqut Paşazadə); Elçin – “Cəhənnəm sakinləri”, Teatr sənəti fakültəsi, III kurs  (kurs rəhbəri Ruslan İsmayılov); T.Nar – “Dərzi qayçısı”, Teatr sənəti fakültəsi, III kurs (rejissor Elnur Əkbərov); A.Kamyu – “Yad”, SABAH qrupları, III kurs (kurs rəhbəri Ceyhun Dadaşov); B.Brext – “Teresa Karrarın tüfəngləri”, SABAH qrupları, II kurs (kurs rəhbəri Nofəl Vəliyev); C.Məmmədquluzadə – “Ölülər”, Teatr sənəti fakültəsi, III kurs (kurs rəhbəri Məmmədsəfa Qasımov).

Beləcə, beş gün ərzində müəllimlər öz tələbələrinin işlərini izləyib qiymətləndirdilər, onlar isə tənqidə dözüm və teatr prosesində qala bilməyin ibtidai mürəkkəblikləri ilə praktiki tanış oldular. Özü də öz sənət və peşə bələdçilərinin sayəsində.

Nəhayət, iyunun 9-da festival bayramsayağı bağlanış mərasimi ilə işini başa vurdu. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, media nümayəndələri və tələbələr iştirak edirdilər.

Aktyorluq ixtisası üzrə tələbələrin ifasında plastik kompozisiyanın nümayişindən sonra  çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova festivalı universitetin həyatında yeni inkişaf pilləsi adlandırdı. Bu ilin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi,  ADMİU-nun 100 illiyi, eyni zamanda Azərbaycan teatrının 150 illiyi ilə əlamətdar il olduğunu da xüsusi qeyd edən rektor festival iştirakçılarını və qalibləri təbrik etdi, tələbələrə yeni nailiyyətlər arzuladı.

Mərasimdə builki festivalı əlamətdar edən iki hadisə - Bakı Dövlət Universitetinin (BDU) “Yarımçıq qalmış” tamaşasının nümayişi və rusiyalı dramaturq Yelena İsayevanın iştirakı ilə “Müasir dramaturgiya: mövzular və mənalar” adlı seminarın təşkili də xüsusi vurğulandı. Sonra qonaq heyət – BDU-nun kollektivi diplom və sertifikatlarla təltif edildi.

Ardınca festivalın təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri – professorlar İsrafil İsrafilov, Məryəm Əlizadə, Aydın Talıbzadə, dosent Vidadi Qafarov, teatrşünas Elçin Cəfərov və digər çıxış edənlər iştirakçılara gələcək yaradıcılıqlarında uğurlar arzuladılar.

Qeyd etdilər ki, festivalda ADMİU-da aktyorluq ixtisası üzrə təhsil alan tələbələrin doqquz diplom və kurs tamaşası nümayiş olunub və hər biri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə edilib.

Daha sonra münsiflər heyətinin rəyi əsasında seçilən qaliblər mükafatlandırıldı.

Teatr sənəti fakültəsinin dram teatrı və kino aktyoru ixtisaslaşması üzrə təhsil alan sonuncu kurs tələbələrinin təqdim etdikləri “Nazirin xanımı” tamaşası “Ən yaxşı tamaşa” mükafatına layiq görüldü. “Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafatı da “Nazirin xanımı” tamaşasında Rista Todoroviç roluna görə tələbə Elməddin Zakirli qazandı. “Ən yaxşı qadın rolu” nominasiyası üzrə mükafat isə “Cəhənnəm sakinləri”ndə Qadın roluna görə Nigar Mürsəlovaya təqdim olundu. Gənc ekspertlərin mükafatını isə “Yad” əsəri əsasında hazırlanmış tamaşa ilə SABAH qruplarının III kurs tələbələri qazandılar.

Beləcə, ADMİU-nun “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri uğrunda ikinci aktını da tamamladı.

H.Rüstəmova