Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin İsraildə bu ölkənin turizm naziri Haim Katz ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.
DTA-dan bildirilib ki, iyunun 11-də keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərindəki nümayəndəliyinin fəaliyyəti, birbaşa uçuşların sayının artırılması, İsrail universitetləri ilə tələbə mübadiləsi proqramları, birgə turizm məhsullarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi, İsrail media nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili haqqında fikir mübadiləsi aparılıb. İşğaldan azad olunmuş ərazilərin turizm sektoruna investisiyaların cəlbi məqsədilə İsrail şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana tanışlıq turuna dəvət olunması təklif olunub.
Səfər çərçivəsində Təl-Əviv şəhərində Azərbaycan turizminə həsr olunan tədbir keçirilib. İsrailin 70-ə yaxın turizm şirkəti və media nümayəndəsi, həmçinin Azərbaycanın hotel və turizm şirkətləri təmsilçilərinin qatıldığı tədbirdə DTA-nın sədri Fuad Nağıyev və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov çıxış ediblər.
Tədbirdə iştirak edən AZAL-ın satış və tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov aviaşirkət tərəfindən Təl-Əvivə uçuşların sayının iyunun 28-dən artırılacağını diqqətə çatdırıb. Hazırda Bakı-Təl-Əviv reysi üzrə həftədə 7 dəfə birbaşa uçuşlar təşkil olunur.
Tədbir çərçivəsində Azərbaycanın turizm məhsullarının və AZAL-ın uçuş istiqamətləri barəsində təqdimat olub, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgiyə baxış keçirilib.
Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artaraq 8 min 611 nəfər olub.