Xəbər verdiyimiz kimi, 11-17 iyun tarixlərində Fransanın Ansi (Annecy) şəhərində ənənəvi animasiya festivalı keçirilir. Dünyanın ən böyük animasiya festival-bazarında (Annecy International Animation Film Festival and Market) bu il 100-dən çox ölkə təmsil olunur.

Festivalın müsabiqə proqramında Azərbaycandan rejissor Nəzrin Ağamalıyevanın “Hədis” qısametrajlı animasiya filmi də yer alıb. “ANİMAFİLM Studio”da istehsal edilən film 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə və onun simasında İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

Festivalda rejissor Nəzrin Ağamalıyeva, filmin prodüseri Rəşid Ağamalıyevlə yanaşı, gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edir. Onun festivalda iştirakı 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Ağ qorxu” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın ölkəmizdəki səfirliyi və Annecy festivalıdır. Bakıda növbəti – VI ANİMAFİLM festivalı bu il sentyabrın 6-dan 10-dək keçiriləcək.