Heydər Əliyev Mərkəzində iyunun 9-da “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti keçirilib. Konsertdə Azərbaycanın Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edib.
Konsertdə solistlər – Litva “Kremerata”sının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaite ifalarını təqdim ediblər.
Konsertdə F.Latenas, O.Mustonen, S.Miliunaite F.B.Mendelson, N.Rotanın əsərləri səsləndirilib.
Qeyd edək ki, mükəmməl ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika” ilk dəfə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış skripka ifaçısı Gidon Kremer tərəfindən təqdim olunub.