Milli Məclisdə ictimai dinləmə keçirilib

 

Milli Məclisdə Mədəniyyət komitəsinin təşkilatçılığı ilə iyunun 12-də “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbiri açan Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna həssas yanaşdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməsi cəmiyyətimizdə bu mövzuya konseptual baxış, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb. Çünki tarixi-mədəni hüdudlarımız respublikamızın sərhədləri ilə bitmir, Ermənistan Respublikası indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə qarşı törətdiyi soyqırımın  bədəlini ödəyəcək, tarix, insanlıq və hüquq qarşısında cavab verəcək.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərov bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, toponimlərimizin, xalqımızın folklor nümunələrinin öyrənilməsi və təbliği hər bir azərbaycanlının borcudur.

MM-in Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqalları Şurasının sədri Əhliman Əmiraslanov qədim türk yurdu Qərbi Azərbaycan və həmin regionda əsarətdə olan mədəni-tarixi abidələrimizə sahib çıxmağın, onların tanıdılmasının əhəmiyyətini qeyd edib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qərbi Azərbaycan həqiqətlərinin daxildə, xaricdə və beynəlxalq təşkilatlarda tanıdılması, Qərbi Azərbaycanla bağlı məlumatların dərsliklərdə və yeni nəşr olunan kitablarda öz əksini tapması və digər görüləcək işlərlə bağlı fikirlərini səsləndirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin planlı şəkildə məhv edilməsindən və mənimsənilməsindən söz açaraq bu mirasın araşdırılması və dünyaya tanıdılması fəaliyyətinin istiqamətləri barədə danışıb.

Deputatlar Fazil Mustafa, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məlahət İbrahimqızı, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev və başqalarının çıxışları dinlənilib.