Vizual ədəbiyyatın ekran dilini yumşaldan, təsvir vasitələrini emosionallıqla müşayiət edən musiqilərin kinoda rolu əvəzsizdir. Yazdıqları musiqilərlə filmlərə baxımlılıq gətirən, ekran hadisələrini rəngarəng, müxtəlif janrlı musiqilərlə zənginləşdirən, obrazların hadisələrə fərdi münasibətini, həyat tərzini, hiss və duyğularını emosionallıqla şərh edən bəstəkarlarımız bu sahədə nailiyyətləri ilə milli kinomuzun şöhrətini artırıblar. Üstəlik, filmlərə yazılmış bir çox mahnılar sonradan müstəqil mahnı hüququ qazanaraq neçə nəsil ifaçıların repertuarını bəzəyib və bu gün də dinləyicilərin zövqünü oxşayır.
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) kino musiqisi sahəsində yaradıcılığı xüsusilə zəngindir. Unudulmaz bəstəkarın 40-dan çox filmə yazdığı musiqilərin çeşidliyini, filmlərin janr müxtəlifliyini nəzərdən keçirəndə onun yaradıcılıq intuisiyasına, dərin musiqi duyumuna, yüksək bəstəkarlıq qabiliyyətinə, zəngin dünyagörüşünə heyran olursan. Tofiq Quliyevin kinodakı fəaliyyətinin tarixi 1940-cı ildən başlayır. Azərbaycan kinosunun öncüllərindən olan rejissor Mikayıl Mikayılovun çəkdiyi (rejissor Vladimir Yeremeyevlə birgə) “İyirminci bahar” sənədli filminə musiqi yazan (Niyazi ilə birgə) bəstəkar bundan sonra 26 bədii, 27 sənədli filmin musiqi müəllifi olub.
Onun filmlərdəki yaradıcılığının böyük bir hissəsini romantik musiqilər və mahnılar təşkil edir. Kinoda musiqinin vacibliyini sübut etdiyinə, yaradıcılıq üstünlüklərinə görə bir çox rejissorlar filmlərinin taleyini Tofiq Quliyevə həvalə edirdi, beləcə, ekran əsərlərindəki musiqi və mahnılar ayrı-ayrılıqda uğura uğur qatırdı. Heç də təsadüfi deyil ki, görkəmli kinorejissor Həsən Seyidbəylinin ssenari müəllifi və rejissoru olduğu altı filmin musiqisi məhz Tofiq Quliyevə məxsusdur.
Filmlərə yazdığı mahnılara düzgün ifaçı seçməklə də bəstəkar ekran əsərlərinin yaddaşlara hopmasına şərait yaradıb, bununla həm də bir çox müğənnilərin (kino vasitəsilə) daha da sevilməsinə, məşhurlaşmasına vəsilə olub. “Məhəbbət çırağı” – Flora Kərimova, Akif İslamzadə, “Sevinsənə, gülsənə” – Yalçın Rzazadə (“Qayınana”), “Kababçının mahnısı” – Mirzə Babayev (“Şir evdən getdi”), “Yox, yox, yox” – Gülağa Məmmədov (“Sən niyə susursan?”), “Coş, dənizim” – vokalistlər (“Möcüzələr adası”), “İstəmə”, “Ey qafil, oyan!” – Gülağa Məmmədov, “Söylədi yox” – Zeynəb Xanlarova (“Nəsimi”), “Sevgi nəğməsi” – Şövkət Ələkbərova (“Onu bağışlamaq olarmı?”), “Dərvişin mahnısı” – Mirzə Babayev (“Dərviş Parisi partladır”), “Sevməmək olmaz” – Şövkət Ələkbərova, “Eldarın mahnısı” – Mirzə Babayev (“Qızmar günəş altında”) və digər filmlərə yazılan mahnılar fərdi repertuarlara köçərək bu gün sevilərək ifa edilir, rəğbətlə dinlənilir.
Azərbaycan kinosunun ayrı-ayrı nümunələrinin geniş şəkildə tanınmasında bəstəkarlarımızın müstəsna rolu var. Qara Qarayevin “Bir məhəllədən iki nəfər” (1957), Fikrət Əmirovun “Səhər” (1960), Tofiq Quliyevin “Görüş” (1955), “Bəxtiyar” (1955), “Ögey ana” (1958), “Telefonçu qız” (1962), “Onu bağışlamaq olarmı?” (1959), Rauf Hacıyevin “Romeo mənim qonşumdur” (1963) filmlərinə yazdıqları musiqiləri baş verən hadisələrin dərinliyinə nüfuz edir, qəhrəmanların psixoloji vəziyyətlərinin tamaşaçıya çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu sıraya bəstəkar musiqiləri ilə xüsusilə baxımlılıq qazanan onlarla ekran əsərini əlavə etmək olar.
Həyata fərqli, humanist baxışını yaradıcılığına yansıdan, ekran hadisələrinə qəlbinin dərinliklərindən süzülüb gələn melodiyalarla həssaslıq gətirən, nəfəs, ruh verən musiqi sərraflarının kino bəstələri zümzüməmizdə belə o filmləri dönə-dönə xatırlamağımıza, düşünüb nəticə çıxarmağımıza rəvac verir. Əsl sənətkar qüdrəti də sənətini yüksəklərdə, yaddaşlarda saxlamaq, qəlblərə yazmaqdır...
Bəsti Kazımova
BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı