İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd kitabxanası 9-cu sinif şagirdləri ilə “Narkomaniyaya qarşı hamılıqla mübarizə” mövzusunda inşa yazı müsabiqəsi keçirib. Qaliblərə kitabxananın sertifikatları təqdim edilib.

***

Yevlax şəhər Mərkəzi Kitabxanası “Şuşa – Azərbaycanın möcüzəsi” adlı tədbir təşkil edib. Yevlax şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri qədim Şuşanın tarixini əks etdirən əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Məktəblilərə Qarabağın, Şuşanın tarixi haqqında, bu gün orada görülən geniş quruculuq işləri barədə ətraflı məlumat verilib.

***

Ağstafa rayonunda Xalq şairi Hüseyn Arifin (1924-1992) anadan olmasının 99-cu ildönümü münasibətilə ədibin ev-muzeyində tədbir keçirilib. “Unudulmaz şair Hüseyn Arif” adlı tədbirdə çıxış edənlər müəllifin vətənpərvərlik ruhunda yazdığı şeirlərin gələcək nəsillərin təlim-tərbiyəsində əhəmiyyətindən danışıblar. Sonda Xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

***

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 1-ci sinif şagirdi Nərgiz Zeynalova Almaniyada təşkil olunan “World of talents” adlı beynəlxalq onlayn müsabiqədə II yerə layiq görülüb. Nərgizi müsabiqəyə  ixtisas müəllimi Xanım Məmmədova hazırlayıb.

***

Xalq şairi Rəsul Rzanın Ev-Muzeyində Göyçay yazarlar klubunun növbəti məşğələsi keçirilib. Məşğələdə müasir Azərbaycan və dünya ədəbiyyatının uğurlu nümunələri haqqında müzakirələr aparılıb, xalqlar arasında ədəbiyyatın yaratdığı mənəvi-mədəni körpülərdən söhbət açılıb. Sonra klub üzvlərinin son dövrdə qələmə aldıqları şeir, hekayə və esseləri dinlənilib, müzakirə edilib.

Nurəddin