Arif Səfərov: “Təəssüf ki, bəzən filmin rejissoru da, prodüseri də, icraçı prodüseri də eyni adam olur”
2023-cü il Azərbaycan kinosu üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Yubileylər ilində ömrünün böyük hissəsini kinostudiyada keçirmiş, bu sahənin inkişafına töhfə vermiş insanların xidmətlərini yada salmaq, milli kinomuzun keçmişinə səyahət etmək istəyirik. Redaksiyamızın ilk qonağı uzun illər kinostudiyada film direktoru kimi çalışmış Əməkdar mədəniyyət işçisi Arif Səfərov oldu.
Arif müəllim gənc yaşlarından “Azərbaycanfilm”də işləməyə başlayıb. “Qayınana”, “İstintaq”, “Qəribə adam”, “Qızıl uçurum”, “Bağlı qapı”, “Asif, Vasif, Ağasif”, “Musiqi müəllimi” və s. ekran əsərlərinin film direktoru (icraçı prodüseri) olub. Ümumilikdə 30-dan artıq filmdə çalışıb, son dövrlərdə istehsal edilən ekran əsərlərində də təcrübə və bacarığını əsirgəməyib.
– Kinostudiyaya gəlişinizi necə xatırlayırsınız?
– Eyyub adlı qonşumuz vardı, kinostudiyada sürücü işləyirdi. Əsgərlikdən qayıtdıqdan sonra mənə dedi bəlkə işləmək üçün kinostudiyaya gələsən. 1969-cu ilin may ayında gəldim. O vaxt kinostudiyanın direktoru SSRİ Xalq artisti Adil İsgəndərov idi. İşə götürülən hər bir əməkdaş ilə görüşüb danışmalı idi. Nəhayət, 10-15 nəfəri seçdilər və Adil müəllimlə görüşə yazdılar. İlk görüşümüzü bu günə kimi unutmuram. Gəldik otağına və ilk sualı bu oldu: içki içirsən? Dedim hərdən olur. Dedi səndən əvvəl birindən soruşdum, cavab verdi ki, özüm bilərəm. Adil müəllim sərt olduğu qədər də mülayim, zarafatı ilə seçilən insan idi.
Beləcə, kinostudiyaya işə düzəldim. Sonra Teatr Texnikumuna daxil olsam da, təhsilimi yarımçıq qoyub çıxdım. Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Plan-iqtisad fakültəsində oxudum. Təhsilimi başa vurduqdan sonra məni Moskvaya yolladılar. Orada rəhbər və yaradıcı işçilərin kursunu da bitirib qayıtdım kinostudiyaya. Artıq kinostudiyaya Cəmil Əlibəyov rəhbərlik edirdi. Ərizə yazıb məzuniyyətə çıxmaq istədim. Məni geri çağırdılar. Gördüm heyət direktorun otağına toplaşıb, rejissor Tofiq İsmayılov da buradadır. Ürəyimə damdı ki, toplantı yüz faiz onun filminə görədir. Elə içəri daxil olan kimi Cəmil müəllim dedi: “Hə, Arif bala, səni oxutdurduq, indi artıq işləməlisən. Səni Tofiq İsmayılovun “Musiqi müəllimi” filminə direktor təyin edirik”. Razılaşdım. Məndən əvvəl filmə görə bir neçə direktor dəyişdirilmişdi. Nəhayət, filmi uğurla başa vurduq. Moskvada səsləndirməyə təhvil verib qayıdan kimi məni rejissor Rasim İsmayılovun çəkdiyi “Asif, Vasif, Ağasif” filminə direktor təyin etdilər.
– Bildiyim qədər, bunlar sizin çalışdığınız ilk filmlər deyil...
– Bəli, sıravi işçi kimi çalışdığım “Sevil” və “O qızı tapın” filmləri olub. “Qayınana” filmindən isə direktor müavini kimi çalışmağa başladım.
– Bəs o zaman təyinat necə aparılırdı?
– İlk olaraq işə inzibatçı kimi başlayırdın. Dörd film işlədikdən sonra 3-cü, sonra 2 və 1-cü kateqoriyaları almalı və bu kateqoriyalar arasındakı müddətdə 3-4 film işləməli, baş inzibatçı vəzifəsinə yüksəlməli, daha sonra direktor müavini və direktor pilləsinə qalxmalı idin. Mən yüksək kateqoriyalı film direktoru olmuş mütəxəssisəm və bu kateqoriya Moskvada təsdiqlənirdi. O vaxt film direktoru olmaq üçün mütləq iqtisadi sahədə təhsilin olmalı idi.
– Kinostudiyada film direktorluğu ilə yanaşı, sex rəisi də olmusunuz...
– Bəli, o vaxt kinostudiyanın nəqliyyat sexi var idi. İndi Azərbaycan Dövlət Film Fondunun binasının olduğu yer nəqliyyat sexinin ərazisi idi. Bir müddət həmin sexin rəisi işlədim. Sexin 158 maşını vardı. 1983-cü ildə məni sexə rəis təyin etdilər.
– Hazırda həmin sex fəaliyyət göstərirmi?
– Əlbəttə, sex var. Bildiyim qədər, deyəsən, hazırda istismara yararsız üç maşın var. O vaxt bizim qaraj nazirliyin qarajından böyük idi. Baş mühəndislər, mexaniklər və digər əməkdaşlar çalışırdı.
– Arif müəllim, ildə neçə film çəkirdiniz?
– İlə 8 film: 4-ü bədii, 4-ü bədii-televiziya filmi. Hamısı da dövlət sifarişi əsasında. Bundan əlavə, keçid filmlər, cizgi filmləri sexi, “Mozalan”, indi “Salnamə” deyilən, keçmiş sənədli xronika sexi də vardı. Bu studiyalarda da çoxsaylı filmlərdə çalışmışam.
– O zaman əməyinizin müqabilində maddi təminat necə, qane edirdimi?
– Biz kinonu sevirdik. Maddi tərəfi düşünmədən gəlmişdik bu sahəyə. Kinostudiyaya işə düzələndə 67 manat əməkhaqqı alırdım. Elbrus Vahidov, Akif Rüstəmov da mənimlə eyni vaxtda kinoya gəlmişdilər. Kinostudiyanın böyük yeməkxanası var idi. Saat 2-yə beş dəqiqə işləmiş gəlsəydin, yer tapmaq müşkül olardı. Kinostudiyanın ştatında 1350 əməkdaş var idi. 1300-ə yaxın da ştatdankənar işçi. O vaxt aktyor heyəti ştatda deyildi. Bir müddət sonra aktyor şöbəsi açıldı.
– Hansı rejissorlarla işləmisiniz?
– Əjdər İbrahimov, Eldar Quliyev, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov, Həsən Seyidbəyli, Fikrət Əliyev kimi rejissorlarla çalışmışam. Həm də onlarla yaxın dost olmuşuq.
– Ulu öndər Heydər Əliyev Sovet Azərbaycanına rəhbərliyi dövründə də mədəniyyətimizə, həmçinin kino sahəsinə qayğı göstərib. Bununla bağlı xatirinizdə qalanlardan danışardınız...
– Əjdər İbrahimov “Qəribə adam” filmini (1978) çəkirdi. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə Nazim Hikmətin əsərinin motivləri əsasında lentə alınırdı. Çəkilişlə bağlı bizə xarici markalı avtomobil lazım idi. Dövlət Avtomobil Müfəttişliyinin tabeliyində sarı rəngdə iki “Mercedes” markalı avtomobil vardı. Məktub yazıb həmin maşınları istədik, bir də filmdə çəkilmək üçün Moskvadan gələcək aktyorlara məşhur istirahət mərkəzində yer ayrılmasını xahiş etdik. Lakin hər iki xahişimizə müsbət cavab almadıq. Mən Əjdər müəllimə bu barədə məlumat verəndə o, direktorun otağına gəlib dövlət telefonu ilə Birinci katib Heydər Əliyevin köməkçisinə zəng etdi. Sonra dəstəyi Heydər Əliyev özü götürdü. Filmin çəkilişinə lazım olan bütün məsələlərin həll olunmasına göstəriş verdi. O, mədəniyyətə, kinoya böyük qayğı ilə yanaşırdı. “Sevinc buxtası” filminin çəkilişi zamanı da böyük dəstək olmuşdu. Həmin filmə Dövlət mükafatı da verildi.
– Bu il 100 yaşı tamam olan “Azərbaycanfilm” kinostudiyasında 54 il işləmisiniz...
– Bəli, kinostudiyanın çağlayan, insanların şövqlə işə gəldiyi vaxtlarında çalışmışam. İlin axırı gələndə laboratoriyalar 24 saat işləyirdi ki, filmlər təhvil verilsin. İstehsalat, çəkilişə hazırlıq şöbələrinin rəisi olmuşam. Nəqliyyat sexində işlədiyim 7 il müddətdə 5 dəfə keçici “Qırmızı bayraq” aldıq. 100 yaşlı kinostudiyamızın çox zəngin keçmişi var. Onu da qeyd edim ki, mən bir müddət telestudiyanın nəqliyyat sexində də rəis kimi çalışmışam. Teleradionun rəhbəri olan Elşad Quliyev kinostudiyaya məktubla müraciət edib məni şirkətə apardı. Orada da böyük həvəslə çalışdım. Ramiz Fətəliyev kinostudiyaya direktor təyin edildikdən sonra məni geriyə çağırdılar. 90-cı illərin əvvəllərindən “Pəncərə”, “Yarasa”, “Girov” və s. filmlərin direktoru oldum. Onda artıq film direktoruna “icraçı prodüser” deyilirdi.
– Bu gün film direktorunun işini necə təsvir edə bilərsiniz?
– Təəssüf ki, bu gün maliyyə çatışmazlığından filmin rejissoru da, prodüseri də, xətt rejissoru da, icraçı prodüseri də bəzən eyni adam olur. Halbuki bu addım mərhələli şəkildə olmalıdır. Müasir dövrdə bu sahələr üzrə yetişmək prosesi tamamilə dəyişilib. Mən film direktoru olana qədər bütün mərhələləri keçmişdim.
– Hazırda təqaüddəsiniz, amma yenə də ara-sıra filmlərdə çalışırsınız...
– Ömrünü kino sahəsinə həsr edən bir insanın onun cazibəsindən çıxması asan deyil. Son illərdə “Olimpiya”, “Məryəm” və “Üçüncü günün adamı” filmlərində işləmişəm.
– Kinematoqraflarımıza həsr olunan tədbirlərdə iştirak etsəniz də, demək olar ki, çıxış etmir, xatirələrinizi bölüşmürsünüz...
– Düzü, danışmağı elə də sevmirəm. Kino tariximizdə bir neçə nəfər olub ki, “SSRİ kinematoqrafiya əlaçısı” adına layiq görülüb. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, onlardan biri də mənəm. İşdən heç vaxt çəkinməmişəm, kinonu sevmişəm. Dəfələrlə başqa yerlərdən daha sərfəli iş təklifləri alsam da, heç vaxt kinodan getməmişəm.
– Yubiley ilində kinomuzla bağlı nə deyərdiniz?
– Film sənayemizin inkişaf etməsini arzulayıram. Bir də uzun illər çalışdığım, dünyasını dəyişmiş görkəmli kino xadimlərinin xatirəsini ehtiramla anıram.
Söhbətləşdi: Lalə Azəri