Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq musiqi məktəbi iyunun 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədris ilinin yekunu olan hesabat konsertini təqdim etdi.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konserti Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi.
Konsert proqramı məktəbin birləşmiş xor kollektivinin ifasında “Heydər atamız” (musiqisi Azər Dadaşovun, sözləri Zəminə Xınalının) mahnısı ilə başlandı. Konsertmeysteri Səbinə Hacıyeva, xormeysteri Nailə Nəhmədova olan proqramda şagirdlərin ifasında rəngarəng əsərlər səsləndirildi. Məktəbin vokal, nəfəsli alətlər, fortepiano, violin, milli alətlər və digər ixtisaslarında təhsil alan şagirdlərin parlaq çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.
Sevilən muğam ifaçısı Səbinə Ərəbli və məktəbin III sinif şagirdi Mədinə Muradovanın ifasında Rauf Hacıyevin “Azərbaycan” (sözləri Ənvər Əlibəylinin) mahnısı ilə yekunlaşan konsertin sonunda məktəbin direktoru Dilbər Rəhmanova çıxış edərək bildirdi ki, Azərbaycanın bir dövlət kimi müstəqilliyinin qorunub saxlanılması və inkişafında Ulu öndərin müstəsna xidmətləri var.
Direktor konsertin ərsəyə gəlməsində əməyi olanlara və filarmoniyanın rəhbərliyinə təşəkkürünü bildirdi.
L.Azəri