Azərbaycan kinosunun 125 və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış davam edir.
İyunun 16-da layihə çərçivəsində növbəti tədbir tanınmış operator, rejissor, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Vladimir Konyaginin yaradıcılığına həsr olunmuşdu.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Vladimir Konyaginin həyat və sənət yolu haqqında məlumat verdi. Onun çalışdığı filmlərdən və Ümummilli lider Heydər Əliyevin iştirakı ilə xronikal materialların çəkilməsində xüsusi əməyinin olmasından bəhs edildi.
Bildirildi ki, 1919-cu ildə Bakıda anadan olan Vladimir Konyagin 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında operator assistenti, 1955-1990-cı illərdə isə operator işləyib. 1941-1945-ci illər müharibəsi zamanı Cənubi Azərbaycan ərazisində hərbi xidmətdə olanda tankda qazdan boğulur. Onunla birlikdə olan bir neçə əsgər həlak olur. Əsgərləri dəfn edən zaman Konyagin ayılır və sonradan orduda xidmətini davam etdirir. O, 2002-ci ilin 20 dekabrında Bakıda vəfat edib.
Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev gənclik dövrlərindən Konyaginlə birgə çalışdığı illəri xatırladı, sənətkarın yanında peşə sirlərinə dərindən yiyələndiyini qeyd etdi. Bildirdi ki, məhz onun bu tələbkarlığı, sənətə dəqiq baxışı nəticəsində yanında çalışan gənclər operatorluğun sirlərini dərindən mənimsəyirdilər. Onun təvazökar, mərd və məsuliyyətli olmağı da gənc nəslə örnək idi. Qeyd edildi ki, vaxtilə dövlət tədbirlərinin əsas operatorlarından olan Vladimir Konyaginə Ulu öndər Heydər Əliyev də həmişə diqqət göstərib.
Çıxışlardan sonra V.Konyaginin rejissor kimi çəkdiyi “Tayqa qəhrəmanı” və “Həyat naminə” qısametrajlı sənədli filmləri nümayiş olundu. 1968-ci ildə lentə alınan “Tayqa qəhrəmanı” Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Rusiyanın Tümen vilayətində neft kəşf edən həmyerlimiz Fərman Salmanovdan (1931-2007) bəhs edir. Artıq neçə illərdir ki, o, Sibir tayqasını özünün vətəni hesab edir. Bura neft üzrə ittifaqın 7-ci Bakısı olacaq. Onu buranın nə sərt şaxtası, nə də hər addımbaşı qarşısına çıxan çətinliklər qorxutmur. F.Salmanovu bütün ölkə tanıyır, neftçilər onunla fəxr edirlər. Biz filmdə F.Salmanovu iş başında, evində ailə üzvləri arasında görürük...
“Həyat naminə” filmi isə II Dünya müharibəsində əksəriyyəti azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində bu diviziyaya möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunub. Filmdə Ulu öndər Heydər Əliyevin mərasimdə çıxışı və Taqanroq diviziyasının veteranları ilə birlikdə abidənin açılışını etdiyi kadrlar yer alıb.
Filmlərin nümayişindən sonra Cəmil Quliyev diqqətə çatdırdı ki, tədbirin kadrları Vladimir Konyaginin Belarusun Vitebsk şəhərində yaşayan qızına göndəriləcək. Bu təşəbbüs Azərbaycan xalqının onun kino salnaməsində iz qoymuş insanlara ehtiramını bir daha nümayiş etdirmiş olacaq.
Lalə Azəri