Piano festivalı müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib
Musiqinin bütün janrlarının təbliği və populyarlaşmasında müxtəlif miqyaslı festivalların xüsusi rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci dəfə keçirilən Bakı Beynəlxalq Piano Festivalı da bu sıraya öz adını yazıb.
İsti yay günlərində klassik musiqidən caz musiqisinədək bir çox janrlarda virtuoz ifaçılıq nümayiş etdirən tanınmış pianoçular Bakıda bir araya gəliblər. İyunun 15-də Heydər Əliyev Mərkəzində möhtəşəm konsertlə açılışını edən musiqi bayramı iyunun 29-dək davam edəcək.
Mərkəzin nümayəndəsi Rəna Məmmədova qonaqları salamlayaraq ölkəmizdə uzun illərdir Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi layihələrin həyata keçirildiyini dedi. Bildirdi ki, Heydər Əliyev Mərkəzi də bu qəbildən bir çox konsertlərə ev sahibliyi edib. Məqsədimiz həm milli musiqinin, həm də dünya musiqisinin təbliğinə töhfə verməkdir.
Əməkdar artist, tanınmış caz pianoçusu Şahin Növrəsli Bakı Beynəlxalq Piano Festivalının təsisçisi kimi layihəni artıq ikinci dəfə təşkil etməkdən məmnunluğunu dilə gətirdi. Festivalın ərsəyə gəlməsində verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və əsas sponsor olan “Pasha Holding”ə təşəkkürünü bildirən ifaçı cazsevərlər, klassik musiqi həvəskarları üçün maraqlı proqram tərtib etdiklərini dedi.
İlk konsertin iştirakçısı olan məşhur pianoçu Elen Mersye Bakıda gözəl insanların əhatəsində olduğunu və bundan məmnunluğunu dilə gətirdi. Şahin Növrəsli vasitəsilə xalqımızın musiqi inciləri ilə tanış olduğunu deyən qonaq tədbirin ideya müəllifi və dəstəkçilərinə təşəkkürünü bildirdi.
15 iyuna – Milli Qurtuluş Gününə təsadüf edən açılışda Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə, incəsənətimizə, musiqi xadimlərinə diqqət və qayğısından da söz açıldı.
Rəsmi hissədən sonra festivalın ilk konsert proqramı təqdim edildi.
Dinləyicilər öncə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı alqışladılar. Ardınca orkestrin müşayiəti ilə Elen Mersye və Şahin Növrəslinin ifasında Amerika bəstəkarı Corc Gerşvinin bir əsr yaşı olan məşhur sintez musiqi əsəri – “Mavi rapsodiya”sı səsləndi.
Onu da qeyd edək ki, Ş.Növrəsli bu əsəri iki royal üçün hazırlamağa və ona caz-triosu əlavə etməyə nail olub. Enerji dolu çoxçalarlı dolğun musiqi iki istedadlı pianoçunun ifası və orkestrin peşəkar müşayiətində yüksək səviyyədə təqdim olundu və ifaçılarına sürəkli tamaşaçı alqışı qazandırdı.
Festivalın növbəti iki günü etno musiqi axşamı və rəqs nümayişləri ilə keçib.
İyunun 16-da Səidə Tağızadənin tanqo və İlham Osmanovun rəqs studiyasının təqdimatında tanqo axşamı olub. İyunun 17-də isə avstriyalı ifaçı David Sıxın triosunun təqdimatında caz konserti verilib. Hər iki konsert “Landmark Hotel Baku”da reallaşıb.
Məlumat üçün deyək ki, bu il festivalda ölkəmizlə yanaşı, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan da musiqiçilər iştirak edir.
Sənətsevərlər iki həftə ərzində paytaxtın müxtəlif musiqi salonlarında konsertləri izləyə biləcəklər. Konsertlərdə klassik və caz musiqiləri ilə yanaşı, fərqli üslublarda – flamenko, tanqo və s. musiqilər də ifa olunacaq. Bir sözlə, festival günlərində canlı musiqi sədaları Bakının yay axşamlarına özünəməxsus bir ovqat bəxş edəcək. Festival çərçivəsində bir sıra interaktiv ustad dərsləri də təşkil olunacaq.
Həmidə