Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında elan etdiyi “Azərbaycan dili müzəffər Ordumuzun dilidir” esse müsabiqəsinə yekun vurulub.

İyunun 16-da bu münasibətlə keçirilən tədbirdə çıxış edən Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirib ki, müsabiqənin məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə tarix yazan müzəffər Ordumuzun mənəvi-psixoloji hazırlığının güclənməsinə, eləcə də gələcək zabitlərimizdə yazı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə verməkdir.

Münsiflər heyətinin üzvlərindən Bakı Dövlət Universitetinin kiçik elmi işçisi Pərvin Eyvazov, Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi dosent Zabitə Teymurlu müsabiqə ilə bağlı fikirlərini bölüşüb, yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə məlumat veriblər. Qeyd olunub ki, təqdim olunmuş 20 esse arasından 10-nu münsiflər tərəfindən seçilib, o cümlədən ilk üç yerin qalibi müəyyənləşib.

“Azərbaycan dili müzəffər Ordumuzun dilidir” esse müsabiqəsində 1-3-cü yerləri tutan ‒ Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının və Heydər Əliyev adına Hərbi İnstitutun kursantları fəxri fərmanlarla təltif edilib. İlk onluğa düşən digər iştirakçılara təşəkkürnamələr verilib.

Milli kimliyimiz olan Azərbaycan dilinə sevginin kursantlara aşılanması, dövlət dilinin tədrisi və təbliğindəki xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidməti Heydər Əliyev adına Akademiyasının əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kəminə Məmmədovaya fəxri fərman təqdim edilib.