“Tamaşaçının teatra məcbur, yoxsa istəyərək gəldiyini səhnədən duymaq olur...”

 

Vədələşdiyimiz  vaxtda orada olsam da, rastlaşmadıq. Yenidən zəng elədim. Öz-özümə “yəqin qrim otağında olar” deyib Teatr Xadimləri İttifaqının dəhlizində dolaşmağa başladım.

Növbəti zəngimdə qəribə bir utancaqlıqla, “Danışacaqlarım kimə lazımdı axı?” deyib reaksiyamı gözlədi. Dedim, onsuz da görüşümüz üçün, bizim istəyimizdən asılı olmayaraq, imkan yaranıb. Bu fikrimlə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsinin növbəti iştirakçısı kimi Şəki Dövlət Dram Teatrının paytaxta gəldiyini nəzərdə tuturdum. Yaradıcı kollektiv iyunun 5-də ittifaqın səhnəsində türk yazarı Toyğun Orbayın “21:15 qatarı” adlı səhnə əsərini təqdim etdi. Rubrikamızın qəhrəmanı olacaq Əməkdar artist Akif Yusifov da həmin tamaşada vağzal bələdçisi rolunu oynayırdı...

İttifaqın darısqal yan dəhlizi ilə gedib havasız otaqda qan-tər içində qrimlənən aktyorumu tapdım. Klassik məktəb öz sözünü burada da deyir: tamaşanın başlamasına bir saatdan da artıq vaxt qalmasına rəğmən o, artıq tam hazırdır. Salfetlə üz-gözünün tərini silməyə çalışa-çalışa zarafatından da qalmır: bu tərdən sonra yəqin soyuqdəyməmiz çıxar...

Və qrim otağında da söhbətimizə başlayırıq. Özü haqqında öz dilindən eşidək.

– 1948-ci ilin 8 iyulunda Qaxda doğulmuşam. Amma atamın da öz “sənəd”i var idi: evimizin sütunu. Orada məndən başqa bacı-qardaşımın da doğum tarixlərini yazıb. Atam isə həmin il sentyabrın 3-ü tarixini qeyd edib. Aradan bu qədər vaxt keçib və məktəb vaxtım çatanda şəhadətnaməmi alıblar. Rəhmətlik xalam o vaxt qeydiyyatla məşğul olan idarədə çalışırdı. Görüb sentyabrın 3-ünü yazsalar, məktəbə gec gedəcəm. Tez “qərar” verib doğum günümü “8 iyul” yazdırıb. Razılaşmayan atama da “Sənin yadından çıxıb, isti idi, yayın gün qovuran vədəsiydi” deyib onu da, qeydiyyat aparanları da inandırıb. Beləcə, iki doğum günüm yaranıb.

 

Akif Yusifov 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirib və 1977-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu illər ərzində teatrın səhnəsində Azərbaycan və xarici ölkə müəlliflərinin əsərlərində müxtəlif obrazlar qalereyası yaradıb. 2001-ci ildə teatrda hazırlanan Hidayət Orucovun “Məni qınamayın” tamaşasında Redaktor roluna görə aktyora “Qızıl dərviş” mükafatı verilib. 2018-ci ildə isə “Əməkdar artist” fəxri adına layiq görülüb.

 

– Akif müəllim, Şəkidə teatr mühiti həmişə olub, elə sakinlərin teatra marağı da.

– Bəli, elədir. Oynayırıq, üzərimizə düşən işi görürük. Qalanı qalır tamaşaçının öhdəliyində. Bir də teatr yazarlarının, sənətşünasların insafına, gəlib Şəkiyə çıxmağına.

 

– Xəbəriniz var ki, Bakıda hər teatr söz-sovunda Şəki, onun mükəmməl teatr mühiti, ənənələri söhbət mövzusu olur?

– Hə, bax, onu düz deyirlər (bu anda simasına təbəssüm qonur), Şəkidə yaxşı aktyor ansamblı var. Ancaq ansamblda olursansa, yaxşı aktyorsan, çıxdınsa, adi adam. Sizli-bizli hamımız bilirik ki, teatr “məni” yox, “bizi” sevir...

 

O, söhbətin bu məqamında keçmişə – təhsil illərinə, sənətə gəldiyi dövrə qayıdır – lap mən istəyən kimi:

– Allah rəhmət eləsin, bizim truppanı bir müddət baş rejissorumuz işləyən mərhum Əməkdar artist Vaqif Abbasov formalaşdırıb. Çox istedadlı adam idi. Zarafat deyil, həm də teatr sahəsi üzrə Rusiyada təhsil almışdı. Bu sistemə yaxşı bələd idi. İndi də elə onun qoyduğu qayda-qanunlar, verdiyi sənət tərbiyəsi ilə gedirik. Sağ olsun, Mirbala müəllim də (teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli) o xətti davam etdirir. 1977-ci ildən bu teatrda çalışıram. Demək olar ki, ilk iş yerimdir. Düzdü, institutu bitirəndən sonra təxminən bir il “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti işlədim. Gördüm, yox e, böyük şəhərdir, keçinə bilmirəm. Dostumun məsləhəti ilə gündüz təhsilindən axşama keçdim. O, kinostudiyada işləyirdi, məni də yanına düzəltdi. Bu minvalla gündüzlər iş, axşam oxumaqla dolandım. İnanmazsan, elə o vaxtdan dərindən anladım ki, sənət adamı çətin dolandırır. Amma artıq ruhum səhnədə idi. Təvazökarlıqdan uzaq olmasın, elə bil aktyor olmaq üçün doğulmuşdum... Sonra Şəki teatrına getdim. Məndən əvvəlki kurs bütöv getmişdi. Bizdən də bir neçə nəfər göndərildi. Amma qalan bir mən oldum. Onlar səpələndilər. Neyləsinlər, dolana bilmədilər, sənətdən uzaqlaşdılar. İndi həmin illərə baxanda sənətdən gedən, başqa sahələrə meyil edən dostlarımı qınamıram, sadəcə, anlayıram. Amma tam səmimi deyim ki, məndə belə hiss heç vaxt olmayıb. Şəkini də, teatrı da, tamaşaçılarımı da, işimi də çox sevirəm. Şəki tamaşaçısı fərqlidir, zövqlüdür. Baxın, başqa-başqa yerlərə səfərlərə gedirəm. O dəqiqə tamaşaçının məcbur, yaxud istəyərək gəldiyini duyursan. Səhnədən hər şey elə gözəl, aydın görünür ki... Şəkidə tamaşaçı istəməsə, ürəyindən olmasa, nə gələr, nə də baxar. Bizim tamaşaçılar zövqlü olduqları qədər də tələbkardırlar. Bunun da tək səbəbi bizim əvvəldən tamaşaçını tanımağımız və istədiyini verməyimizdir. Məsələn, Şəki tamaşaçısı daha çox yumoru sevir. Düzdür, o biri tamaşalara da baxırlar. Amma Şəki deyəndə yumor anlaşılan kimi, bizim tamaşaçının da yumora, satiraya, düşündürücü  gülüşə böyük maraq və tələbatı var. Nədənsə, biz də çoxdandır komediya əsəri qoymamışıq...

 

– Akif müəllim, niyə? Bəlkə kollektiviniz güldürməkdən yorulub?

– Truppamız hələlik buna imkan vermir. Rəhmətlik Hüseynağa Atakişiyevin dövründə yumorlu tamaşalarımız çox olurdu. M.F.Axundzadədən bu yana əksər klassiklərin əsərləri var idi. Amma indi azdır. Ruhu şad olsun, Hüseynağa müəllim bizdə qalsaydı, necə gözəl işlər yaradardı. Bakıya gəldi, olmazın müsibətlər yaşadı, sonra da ürəyi dözmədi. Eləcə də bir müddət bizdə işləmiş Cahangir Novruzov. Onun tamaşası ilə Moskvaya getdik. Təsəvvür edirsiz, paytaxtın akademik teatrı qala-qala bizim tamaşanı seçdilər. Getdik, oynadıq. Hətta Mərkəzi Televiziya bizi çəkdi də. Sonra nə baş verdisə, montajda lent yoxa çıxdı. Lap sehrli bir əl ilə (gülür). Eh, elə bilirsən bu saçlar elə-belə ağarıb?...

 

Söhbətin sonunu, təfərrüatını soruşmadım, heç o da bunda maraqlı deyildi. Zarafatcıl, baməzə, hazırcavab həmsöhbətim daha çox dram janrına meyillidir. Deyir aktyor dramda özü ola, ifadəsində ustalaşa bilir. Çünki dramda aktyorun özü, zahiri yox, ürəyi, hissləri işləyir.

Həmsöhbətimdən hazırkı truppaları və onun nəsil rəngarəngliyini də xəbər aldım. Onların da vəziyyəti digər bölgə teatrlarında olduğu kimidir: gənclər gəlmir, bölgədə illərini itirib, quru məvaciblə dolanmaq istəmirlər.

Sonda qocaman aktyorun üzərindən keçmişin yükünü yüngülləşdirməkdən ötrü “Həyat obrazınızı daha rahat ifadə elədiniz, yoxsa sənət?” sualını verdim.

“Heç bilmirəm bu yaxşıdır, ya yox, amma, sadəcə, sənət obrazımı” cavabını aldım.

 

Akif müəllim güzgünün önünə keçib qrimini təzələdi, üz-gözünün tərini silərək ağ saçlarını bir az da dağıtdı...

Məmnun halda hər ikimizin aynaya düşən təsvirinə baxıb “Aktyorluq, hər gün bir obrazda olmaq dəlilikdi. Amma bizim sənətdə olmayanlar bunu çətin bilə” deyib gülümsündü.

Bəli, səhnədə ilk rolu Ruhi xəstə (söhbət zamanı nə qədər düşünsə də tamaşanın adını tapa bilməmişdi) olan, bu sözsüz və kiçik rolu ilə rejissorları cəlb edib müxtəlif dərəcəli rollara sənət ömrü verən aktyorun həyatdakı yeganə divanəliyi də məhz sənətə aşiqliyi və ondan qopmamağındadır. Bu mənada nəinki Şəki teatrının, məncə, bütün səhnələrin məhz belə divanə aşiqlərə ehtiyacı var...

Həmidə Nizamiqızı