Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir
20 iyun Dünya Qaçqınlar Günüdür (World Refugee Day). Bu gün BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.
İyunun 19-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Miqrasiya Komitəsinin birgə təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş “Evdən uzaqda ümid” adlı tədbir keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik missiyaların, qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Dünyada milyonlarla insanın qaçqınlıq həyatı yaşadığını və məhrumiyyətlərlə üzləşdiyini diqqətə çatdıran BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum bildirib ki, Azərbaycan vətəndaşları bu həyatı yaşayan xalq kimi müharibədən, zorakılıqdan əziyyət çəkən insanları anlayır. Qaçqınların ən böyük arzusu öz evlərinə qayıtmaqdır.
B.Lum Azərbaycan hökumətinin BMT QAK-la səmərəli əməkdaşlıq etdiyini və müxtəlif layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən evlərindən, vətənlərindən didərgin düşmüş milyonlarla insanlara həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərdə təcrübəsi olduğunu və didərginlik həyatı yaşayan insanların zəruri problemlərinin həll edilməsi, inteqrasiyası istiqamətində ölkəmizdə mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Dünyada qaçqınların sayının ildən-ilə artdığını deyən Vüsal Hüseynov bildirib ki, qaçqınların problemlərinin həlli üçün ən mühüm amil maraqlı tərəflərin bir araya gəlməsidir.
Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsində Zəfərimizdən sonra artıq məcburi köçkünlərimiz öz doğma evlərinə qayıdırlar.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva da Azərbaycanın məcburi köçkün problemini yaşayan ölkə olaraq bu sahədə təcrübəsi olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin müxtəlif ölkələrdən gələn iki minə yaxın qaçqına qayğı göstərdiyini deyib. BMT-nin vətənini tərk etmək məcburiyyətində olan insanlarla həmrəylik nümayiş etdirdiyini qeyd edən V.Andreyeva qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacağını da diqqətə çatdırıb.
Çıxışlardan sonra qaçqınların inklüzivliyinin təşviqi məqsədilə müxtəlif ölkələrdən qaçqınların və yerli uşaqların iştirakı ilə keçirilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbir musiqi proqramı ilə davam edib.