“Ramil hər şeyin yaxşı olduğunu bildirdi. Qızı Mədinəni həm də mənə əmanət etdi. Söylədi ki, müharibədə Zəfər qazanıb evimizə geri dönəcəyəm. Sentyabrın 29-u Ramilə zəng elədik, ancaq əlaqə saxlaya bilmədik. Sən demə, həmin gün Ramil öz heyəti ilə birlikdə Murovdağ istiqamətində “Alınmaz qaya” deyilən yerdə düşmənlə ağır döyüşə girib. Həmin alınmaz sayılan zirvəni düşməndən azad edib və Azərbaycan bayrağını sancarkən şəhid olub...”.
Bu fikirlər 44 günlük Vətən müharibəsinin şəhid kapitanı, cəsur döyüşçü Ramil Babayevin bacısı Ramilə xanıma məxsusdur.
Ramil Taqət oğlu Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbi bitirən Ramil Cəmşid Naxçıvanski adına Hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Ramil xidmətə Goranboy rayonundakı N saylı hərbi hissədə başlayıb. Xidməti boyunca nizam-intizamı, peşəkarlığı ilə fərqlənib. Dəfələrlə komandirləri tərəfindən müxtəlif təltiflərə layiq görülüb. Rayonda da cəsur, vətənpərvər oğul kimi tanınan gənc zabit 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində kəşfiyyatçı kimi döyüşlərə qatılıb. Sentyabrın 29-da Murovdağ istiqamətində döyüşlərdə şəhid olub. 2021-ci il yanvarın 31-də Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ramil ailəli idi. Mədinə adlı qızı, ölümündən sonra dünyaya göz açan və öz adını daşıyan oğlu Ramil Vətənə əmanət qalıb.
Şəhidin bacısı Ramilə Babayeva qardaşının Vətənə necə bağlı oğul olduğundan söz açır: “Hələ ibtidai sinifdə təhsil alarkən kitablarda Xocalı faciəsi ilə bağlı məlumatları oxuyar, düşmənə nifrət bəsləyərdi. Kiçik yaşlarından hərbə marağı olan qardaşım həmişə deyirdi ki, Vətən bizim namusumuz, şərəfimiz və mənliyimizdir. Vətənə sevgi və məhəbbət insanın daxilindən gəlir. Xəmirimiz Vətənə məhəbbət hissi ilə yoğrulmalıdır”.
Şəhidin həyat yoldaşı Türkan Babayeva bildirir ki, Ramilin Vətənə böyük bağlılığı vardı: “O, həmişə söyləyirdi ki, Allah qoysa, torpaqlar azad olunar, o zaman mən rahat yaşayaram. Onun ən böyük arzusu torpaqlarımızı düşməndən azad etmək və Qarabağın hər qarışını gəzib-görmək idi. Çox təəssüflər olsun ki, Ramil bu arzusuna çata bilmədi. Lakin indi onun ruhu azad Qarabağ torpağında dolaşır...”.
“Vətən müharibəsinin başlamasından bir həftə əvvəl Ramilgilə qonaq getmişdim. Bir neçə gün onlarda qaldım. Müharibəyə gedərkən son dəfə mənimlə sağollaşdı. Sanki hiss etmişdi ki, sonuncu dəfə görüşürük. Allah Ramilə və bütün şəhidlərimizə rəhmət eləsin”, – bu fikirləri isə şəhidin anası İlhamə Babayeva deyir.
Ramil Babayev ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
2021-ci ildə təhsil aldığı məktəbin həyətində Ramilin xatirəsinə şəhid bulağı inşa edilib.
Ruhu şad olsun.
Nurəddin