Xaçmaz RMİ-nin təşəbbüsü, rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Poeziyaya həsr olunmuş ömür” başlığı altında şair, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli ilə görüş keçirilib. F.Məmmədlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, onun elmi, pedaqoji və publisistik fəaliyyətindən söz açılıb, əsərlərindən nümunələr səsləndirilib.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı Vətən müharibəsi şəhidi Məhəmməd Hüseynovun ailəsi ilə “Ömürlük tarixə keçdi şəhidlər” mövzusunda görüş keçirib. Şəhidin həyat və döyüş yolu haqqında məlumat verilib. Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

***

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin skripka sinfində təhsil alan Nuray Məmmədli və Jasmin Bağıyeva Türkiyədə onlayn keçirilən “Bravo” XI beynəlxalq musiqi müsabiqəsində I yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə hazırlayan müəllimləri Reyhan Şükürova sertifikatla təltif olunub.

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin xanəndəlik ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Abbasov Türkiyədə onlayn təşkil olunan “Art planet” beynəlxalq müsabiqəsində iştirak edərək III yerə layiq görülüb. Şagirdi müsabiqəyə məktəbin müəllimi Zabitə Əhmədli hazırlayıb. Müəllim və şagird diplomla təltif ediliblər.

***

Balakən rayon Katex kənd Folklor evində narkomaniyaya qarşı mübarizə məqsədilə “Zərərli vərdişlərə son qoyaq!” başlıqlı dəyirmi masa təşkil edilib. Gənclərə narkotik vasitələrin insan həyatına vurduğu məhvedici zərərlərdən, doğurduğu faciələrdən söhbət açılıb.

N.Məmmədli