Yerlərdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

Xaçmaz RMİ-nin dəstəyi, Qusar rayon MKS-nin təşkilatçılığı ilə Qusar şəhər mədəniyyət və istirahət parkında Heydər Əliyevin 100 illiyi münasibətilə “Oxu bayramı” adlı tədbir keçirilib. Tədbirdə müxtəlif mövzularda və dillərdə çap olunmuş kitablar, kitabxanaya yeni daxil olmuş nəşrlər, həmçinin rəsm, tətbiqi sənət nümunələrindən ibarət sərgilər nümayiş etdirilib.

***

Balakən şəhər Uşaq incəsənət məktəbində “Əbədiyyətin ilk əsri” adlı konsert keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbi və Balakən şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin təqdim etdikləri konsert proqramından əvvəl çıxış edənlər Azərbaycanın milli musiqi sənətinin zəngin və çoxəsrlik tarixə malik olduğunu, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə musiqi sənətinin inkişafının dinamik xarakter aldığını bildiriblər. Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

***

Gəncə şəhər Mir Cəlal Paşayevin Ev-Muzeyi və şəhər Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gəncliyimiz” başlığı altında tədbir keçirilib. Ulu öndərin mədəniyyətə, uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açılıb. Sonda məktəbin Vokal şöbəsi şagirdlərinin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında müxtəlif mahnılar təqdim olunub.

***

Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq incəsənət məktəbində “Zamana sığmayan dahi” adlı hesabat konserti keçirilib. Konsertdə Xalq çalğı alətləri şöbəsinin şagirdlərindən ibarət ansambl, nağaraçalanlar ansamblı və digər kollektivlər çıxış ediblər.

Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində keçirilən konsertdə bəstəkar və xalq mahnıları ifa olunub.

***

Mədəniyyət Nazirliyi və Biləsuvar RMİ-nin birgə təşkilatçılığı ilə Salyan rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev – 100 və Azərbaycan mədəniyyəti” adlı sərgi keçirilib.

***

Gədəbəy Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar. Daha sonra dahi şəxsiyyətə həsr olunmuş videoçarx nümayiş olunub.

***

Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbində “Mədəniyyətə bağlı ömür” adlı hesabat konserti təşkil edilib. Konsertdən əvvəl idarə rəisi Nurəddin Mehdiyev Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, mədəniyyətin bütün sahələrinə, xüsusilə də musiqi sahəsinə böyük önəm verən Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, yaradıcılıq mərkəzləri yaradılıb. Sonra “Gülül” xor qrupu, xalq çalğı alətləri ansamblı və saz ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edilib.

***

Masallı şəhər onbirillik İncəsənət məktəbində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş hesabat konserti keçirilib. Müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər, nağaraçılar, tar ifaçıları ansamblı, xor kollektivi və rəqs qrupu bir-birindən maraqlı ifalar təqdim ediblər. Sonda Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov şagirdlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

***

Tərtər rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan kənd müəssisələrində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Tarix yazan şəxsiyyət” adlı baxış müsabiqə keçirilib.

Nurəddin Məmmədli