55 il əvvəl çəkilən film ingilis dilində bərpa olunub

 

14-29 iyun tarixlərində keçirilən 2-ci Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində konsert proqramları ilə bərabər, təqdimatlar da təşkil edilir.

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun “Həqiqətdir: Bəstəkar Qara Qarayev” (1968) sənədli filminin bərpa olunmuş ingilis dilində versiyasının premyerası keçirilib.

Film Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə nümayiş olunub. Bu xüsusda festivalın kino proqramlarının kuratoru Ülvi Mehdinin əməyi qeyd edilib.

Nümayişdən sonra Qara Qarayevin müxtəlif filmlərə yazdığı musiqilər pianoçu, Əməkdar artist Nərgiz Əliyevanın ifasında səsləndirilib.

Daha sonra filmin müəllifi Oqtay Mirqasımov 55 il əvvəl lentə alınmış filmin çəkiliş prosesindən danışıb.

Təqdimat mərasimində Qara Qarayevin sevimli tələbələrindən olan görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadə 60-cı illərin təkrarolunmaz tələbəlik ab-havasını dünya musiqisinin əfsanəsi ilə sanki bir kadrda təcəssüm etdirdiyinə görə Oqtay Mirqasımova təşəkkür edib.