“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium

 

İyunun 20-də Bakıda “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpoziumun açılışı olub. Azərbaycan Milli Konservatoriyasında keçirilən simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edir.

Simpoziumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, formalaşıb və kamilləşib. İlahi ritmlərdən doğan muğam insan qəlbinin dərinliklərindən gələn duyğuları ifadə edir və onu dinləyənlərə ruhi səviyyədə mesajlar ötürür. Muğamın ecazkar ritmləri Azərbaycan xalqının nə qədər dərin fikir dünyasına malik olduğunu göstərir. Muğam bizim milli mədəni kimliyimizi təşkil edən genetik kodlarımızdan və bugünkü qloballaşan dünyada özünü dərketmə və özgürlüyünü qoruma vasitələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2008-ci ildə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradıldığını deyən nazir müavini həmin sərəncamda muğamın “Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsi” kimi təsbit olunduğunu diqqətə çatdırıb: “Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür”.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sözləri ilə demiş olsaq: “Muğam bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət kimi bütün varlığı ilə yaşamaqdadır”, – deyə Səadət Yusifova əlavə edib.

Bildirilib ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən beynəlxalq miqyaslı ilk muğam festivalı Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2011, 2013, 2015 və 2018-ci illərdə təşkil olunan festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak ediblər. Hazırkı festivala da Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər dəvət olunub. Əvvəlki festivallarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium müxtəlif ölkələrdən tanınmış alimləri bir araya gətirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri kimi tanındığını qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri, qüdrətli ifaçıları olduğunu bildirib.  AMEA prezidenti diqqətə çatdırıb ki, musiqi sənətinin muğam qolu haqqında Əbdülqadir Marağayinin, Fətullah Şirvaninin, Mir Möhsün Nəvvabın, Üzeyir Hacıbəylinin əsərləri və məqalələri Azərbaycanda muğam sənətinin özünəməxsus elmi əsaslarla inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülünə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.

Çoxəsrlik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin böyük əhəmiyyəti olduğunu qeyd edən AMEA prezidenti artıq Azərbaycanda yeni nəsil muğamşünaslıq elminin formalaşmaqda olduğunu bildirib, son illərdə bu sahədəki irəliləyişin təməlində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını deyib.

Azərbaycanda belə bir tədbirdə iştirak etməsinin qürurverici olduğunu söyləyən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti professor Svanibor Pettan simpoziumun əhəmiyyətini vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirən qonaq bildirib ki, növbəti simpozium muğam sənətini yenidən kəşf etməyimizə, öyrənməyimizə və bu irsə yanaşmamıza yaxşı mənada təsir edəcək.

“Şaşmakom” Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-nin ictimai xadimi, musiqişünas, publisist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirib. O, muğam sənətinin əksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

Simpoziumun plenar sessiyasında britaniyalı alimlər Maykl Çörçin “Dəyərli musiqi ənənələri təhlükə altında”, Reyçel Harrisin “Məqamın coğrafiyası: məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar”, azərbaycanlı alim Sənubər Bağırovanın “Azərbaycan musiqisində muğam konsepsiyasına dair”, fransız etno-musiqişünası Jan Dürinqin “Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə” mövzularında məruzələri dinlənilib.

Günün ikinci yarısında simpozium “Çağdaş muğam ifaçılığı: ənənə ilə müasirlik arasında”, “Azərbaycan muğamının tədqiqi problemləri” və “Yeni tədqiqatlar və tədqiqat metodları” sessiyaları ilə davam edib. Sessiyalarda Azərbaycan, Fransa, Böyük Britaniya, Tacikistan, Türkiyə və Kanadadan olan alimlər məruzələrlə çıxış ediblər.

 “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium iyunun 22-dək davam edəcək.