“Azərbaycanda istedad qıtlığı yoxdur, sadəcə, onlara diqqəti artırmaq lazımdır...”
Müsahibimiz “Teatr insanın nə demək olduğunu anlamağa kömək edən universal bir mədəniyyət hadisəsidir” deyən rejissor və pedaqoq, ölkəmizdə ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Teatr Xadimləri İttifaqının “Eksperimental teatr” laboratoriyasının rəhbəri Tərlan Rəsulovdur.
Onunla Bakı Kitab Mərkəzində Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatında görüşüb həmsöhbət olduq. Həmin gün rejissorun səhnələşdirdiyi “Bağçada rahat yer” adlı eksperimental interaktiv tamaşa da göstərildi.
Ümumiyyətlə, son aylar Tərlan Rəsulov üçün məhsuldar olub. Rejissor Macarıstanın paytaxtı Budapeştdə keçirilən Teatr Olimpiadasında iştirak edib, Moskvada Peredelkino Yaradıcılıq Evində yaşayıb işləmək hüququ əldə edib. Söhbətimizə rejissorun Budapeşt səfərindən başladıq.
– Səfəriniz necə keçdi və Macarıstanın teatr mühiti ilə yaradıcılıq əlaqələri gözlənilirmi?
– Budapeştdə təşkil olunan Teatr Olimpiadası beynəlxalq idman olimpiadası kimi dörd ildən bir keçirilir. Bu, müxtəlif ölkələrdən teatr sahəsində çalışan peşəkarların görüş keçirməsini, problemlərin müzakirəsini və təcrübə bölüşməsini təmin edən bir platformadır. Tərəfdaşlığa zəmin yaradan belə görüşlər həm də bizim peşənin vacib hissəsi, gələcək beynəlxalq layihələrin təməlidir. Builki olimpiadanın proqramı çox zəngin idi. Pandemiyadan sonra ilk dəfə keçirilən bu tədbirin miqyasını təsəvvür edin: 58 ölkədən ümumilikdə 400 teatr kollektivinin təqdim etdiyi 750 tamaşa. Həm də tədbirlər təkcə paytaxtla məhdudlaşmırdı, tamaşalar Macarıstanın bir çox teatrlarında nümayiş olunurdu. Bu, demək olar ki, ölkənin teatr cameəsini hərəkətə gətirmişdi. Hazırda ölkəmizdə də bu lazımdır. Bizim teatr mühitimiz xarici mütəxəssislər üçün naməlum bir adadır. Artıq bütün dünyaya açılmaq lazımdır. Teatrlarımıza, yaxşı mənada, bir çalxalanma lazımdır. Məşhur teatrşünasımız İlham Rəhimlinin qeyd etdiyi kimi, teatr mütləq surətdə öz zamanını qabaqlamalıdır. Bizim teatr sahəsində dünyaya təqdim etməyə layiq çox böyük potensialımız, bu və digər layihələri həyata keçirmək üçün yüksək səviyyəli mütəxəssislərimiz var.
– Bu yaxınlarda Peredelkino Yaradıcılıq Evində də olmusunuz...
– Bir vaxtlar sovet yazıçılarının yaradıcılıq şəhərciyi olmuş Peredelkino ruhsal bir məkandır. Oradakı mühitdə təbiət, təmiz hava, şam ağacları insanı boş oturmağa deyil, yazıb-yaratmağa, yeni ideyalar tapmaq və həyata keçirməyə həvəs yaranır. Peredelkino rezidensiyasında olimpiada təcrübəsini mənimsəmək, Azərbaycan Teatr Xadimləri İttifaqında “Eksperimental teatr” laboratoriyasında və Mədəniyyət və İncəsənət Universitetindəki tələbələrim üçün materiallar hazırlamaqdan savayı, mən yeni tamaşanın onlayn məşqini də keçirirdim. Bundan başqa, Moskvada diaspor və səfirliyimizin nümayəndələri, yerli teatr ictimaiyyətinin təmsilçiləri ilə görüşürdüm. Birlikdə bir neçə müştərək layihə üçün imkanları nəzərdən keçirdik.
– Bir qədər də “Bağçada rahat yer” tamaşasından danışaq. Yozumunuz, yanaşmanız maraq doğurdu...
– Bəli, deyirlər tamaşada maraqlı yozum, xüsusi yanaşma var, lakin mən inanmıram. Hətta ətrafda hamı razı qalsa da, özüm narazı oluram. Bu tamaşa bütün komandamız üçün xüsusi əhəmiyyət daşıyırdı. Axı Maqsud İbrahimbəyov kimi görkəmli müəllifin mətni ilə onun adını daşıyan məkanda həyat yoldaşı və ilham pərisi olan Anna xanımın diqqəti altında başqa cür ola da bilməzdi. Tamaşa əvvəldən açıq hava altında nümayiş edilmək üçün planlaşdırılmışdı, sonra məkanlar dəyişdirildi, sanki Maqsud İbrahimbəyovun üç hekayəsinin əsasında dramaturq İsmayıl İmanın səhnələşdirdiyi əsərin qəhrəmanları köhnə və yeni Bakının hər tərəfini gəzmək və öz yerlərini tapmaq istəyirdilər. Belə bir məkan Heydər Əliyev Mərkəzi oldu. İlk nümayişdəki geniş məkan növbəti tamaşada yığcam bir yerə – Bakı Kitab Mərkəzinə dəyişdi. Nəticədə iki müxtəlif tamaşa alındı. Mizanlar müxtəlif idi, amma eyni harmoniya alındı. Musiqi və sözlərin, yeni hisslərin və xatirələrin, xəyal və həqiqətlərin, hər bir insanın və bütöv bir ölkənin yaddaşının harmoniyası... “Ölü teatrın hüceyrələri”nə qalib gəlməyə çalışan, aktyorları təkrarlanmağa imkan verməyən, bir dəfə aşkarlanan emosiyanı avtomatik olaraq dəfələrlə işlətməyə qoymayan interaktiv teatrda hər bir tamaşa seyrçilər üçün fövqəladə və təkrarolunmaz təcrübəyə çevrilir. Bu tamaşa ənənəvi tamaşadan uzaq idi, çünki mənim üçün ən vacib məsələ o idi ki, aktyorlar tamaşa oynamasınlar. Sözsüz ki, aktyorlar yüksək səviyyəli peşəkardırlar, amma onların qarşısında başqa məqsəd qoyulmuşdu. Tamaşadan sonra səslənən alqış və fikirlərdən məqsədimizə nail olduğumuz aydınlaşdı.
– “Xüsusi yanaşma” vurğunuzun əsasında nə dayanır? Bu, aktyorların seçiminə də aiddirmi?
– Aşpazlar arasında belə bir zarafat var ki, restorana gələn qonaqlar xörəklərin nə cür hazırlanmasını bilməsələr yaxşıdır. Teatrda da həmçinin. Tamaşa quruluşunun xırdalıqları bilinməsə yaxşıdır. Bu, səhnənin sehrini öldürə bilər. Kulislər də tamaşaçılardan həmin ünsürləri gizlətmək üçündür. Bu tamaşada isə başqa cürdür, səhnə yoxdur, hər şey açıqdır, şəffafdır. Təkcə bir skamya və royal. Yalnız sözlər, musiqi və sükunət. Sükunətin də öz səsi var. Bir sözlə, tamaşanın bütün “inqrediyentləri” göz qabağındadır, gizli heç nə yoxdur. Bu bariz elementlərdən həmin sehr peyda olur, bir növ xatirələr bağının gerçəkliyi formalaşır. Burada Maqsud İbrahimbəyovun xatirələri seyrçilərin öz yaddaş tarixçələri ilə üzvi bağlılıq yaradır. Biz quruluş zamanı elə bir temp və tonallıq tapmağa çalışırdıq ki, tamaşaçı təkcə baş verənləri izləmək deyil, həm də öz-özü ilə təklikdə qalmaq imkanı əldə edə bilsin. Bu, bir növ ictimai yerdə tənhalıq təcrübəsidir və özündə daxili dayaq yaratmağa xidmət edir. Hər bir kəsin öz dayağı olur. İbrahimbəyovun yaradıcılığında əsas motivlərdən biri də budur. Ona görə də onun əsərləri həmişə müasirdir. Təklif olunmuş vəziyyət dəyişir, lakin insanlıq dəyişməz qalır. Çox vacib məqamlardan biri də odur ki, yaradıcı komandamız, aktyorlar – Mələk Abbaszadə, Elşən Rüstəmov və debütant-aktyor, istedadlı pianoçu Şahin Növrəsli eyni dalğada idik. Mənim üçün hər bir müsahibə həm də təşəkkür bildirmək imkanıdır. Bütün komandaya və seyrçilərə bu tamaşanın nəfəsinə görə təşəkkür edirəm. Bakıda indi çox istidir, biz isə birlikdə hamını rahat nəfəs alıb dincələ biləcəyi “Bağçada rahat yer”i yarada bildik.
– Qarşıda yeni layihələriniz varmı?
– Nəyisə gözləmək düzgün deyil, bu gözlənti heç nə ilə nəticələnə bilər. Amma gözləmək bizim sənətin bir hissəsidir. Hərdən heç kimə lazım olmamaq hissi peyda olur, lakin teatrda səhnə maşinistindən tutmuş direktorluğa qədər bütün yaradıcı və texniki sahələrdə əldə etdiyim təcrübə mənə bu zamanı səmərəli keçirməyi öyrədib. Amma ətrafımızda istedadlı insanlar var və onların əsərləri tez bir zamanda səhnə təcəssümünü tapmalıdır. Ülviyyə Heydərova, Sevinc Çılğın, Mina Abbasova, İsmayıl İman, Jalə İsmayıl və digərlərində çoxlu ideya var, amma bu ideyaları realizə etmək üçün həddən artıq enerji sərf etməli olurlar. Azərbaycanda istedad qıtlığı yoxdur, sadəcə, onlara diqqəti artırmaq lazımdır. Teatr fenomenal sənət növüdür, insanın formalaşmasında və transformasiyasındakı rolu əvəzolunmazdır, millətin yaradıcı potensialını nümayiş etdirmək üçün qüvvətli vasitədir. Bunu Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd etmişdi. Böyük dövlət xadiminin 100 illiyi ilə peşəkar teatrımızın 150 illiyinin birgə qeyd edildiyi ildə bu müdrik fikirlərin prosesləri hərəkətə gətirəcəyinə ümid bəsləyirəm.
Əlbəttə ki, yeni layihələr olacaq və bəziləri ilə bağlı müəyyən işlər görülür. Amma istərdim ki, mədəniyyət sahəsinə çəkilən xərclərin gələcəyə qoyulan sərmayə olduğunu hamı anlasın.
Lalə Azəri