Ötən il Sankt-Peterburqda MDB ölkələrinin kinematoqrafçılarının pitçinqi keçirilmişdi. Tanınmış kinorejissor Ali Xamrayevin “Sonuncu şahid” film layihəsi pitçinqin qaliblərindən biri olub. “Sonuncu şahid” layihəsi İkinci Dünya müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edir.

Azərbaycan kinematoqrafçıları da bu layihəyə qoşulub. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Sonuncu şahid” layihəsi çərçivəsində Astaranın Pensər kəndində yaşayan 97 yaşlı müharibə veteran İzzət Nemətov haqqında film çəkilib.

Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda gerçəkləşib.

Ümumilikdə 10-a yaxın qəhrəmanın həyatından bəhs edən “Sonuncu şahid” film-balladası 22-23 iyun tarixlərində Rusiyanın “Kultura TV” kanalının proqramında yer alıb.