Gənc yaşında vəfat edən gəncəli tarzən Zərif Qayıbov. Onu digər tarzənlərdən qeyri-adi və təkrarolunmaz çalğısı, sarı simlərdə özünəməxsus zərif gəzişməsi fərqləndirirdi.
Bu fikirlər Zərif Qayıbovun (1920-1943) adını daşıyan Gəncə şəhər 5 nömrəli Uşaq musiqi məktəbində tarzənə həsr olunan tədbirdə bildirilib.
Qeyd olunub ki, tarzən hələ 14 yaşında bütün Cənubi Qafqazda şöhrət qazanıb. İfa etdiyi “Şur” muğamı dinləyicilərin xüsusilə diqqətini çəkib.
Məktəbin müəllimi Asudə Mustafayeva deyib ki, kollektiv həmişə çalışır ki, Z.Qayıbovun adını həmişə uca tutsun, onun şöhrətinə, xidmətlərinə layiq şagirdlər yetişdirsinlər.
Xatirə tədbirində Z.Qayıbovun vaxtilə sevə-sevə ifa etdiyi muğamlar səsləndirilib. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən musiqili kompozisiya – “Mehtər marşı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Məktəbin Xalq çalğı alətləri şöbəsi yetirmələrinin ifasında “Şur” muğamı, “Dağ kralının rəqsi” kimi nümunələr təqdim olunub.
Sonda məktəbin beynəlxalq müsabiqələrdə fərqlənən şagirdlərinə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, Zərif Qayıbov müstəqil Azərbaycanın ilk baş prokuroru olmuş İsmət Qayıbovun (1942-1991) qardaşıdır.
Lalə