Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” münasibətilə keçirilən uşaq, musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında yaradıcılıq müsabiqələri (ifaçılıq, rəqs, rəsm) başa çatıb.
İyunun 20-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında müsabiqələrin yekunu və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.
Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək müsabiqə haqqında məlumat verib, qalibləri təbrik edib. Bildirilib ki, müsabiqədə 20 nominasiya üzrə 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin minə yaxın şagirdi iştirak edib.
Sonra qaliblər mükafatlandırılıb. Qalib olan ayrı-ayrı iştirakçılarla yanaşı, uğur qazanmış ifaçıların sayına görə fərqləndiyinə və iştirakçıları yüksək peşəkarlıqla müşayiət etdiyinə, müsabiqənin təşkilində fərqləndiklərinə görə bir sıra uşaq musiqi və incəsənət məktəbi və müəllimlər də təltif ediliblər. Naxçıvan şəhər Uşaq musiqi və incəsənət məktəbi qalib gələn iştirakçıların sayına görə “İlin məktəbi” elan edilib, diploma layiq görülüb.
Sonda müsabiqə qalibləri konsert proqramı ilə çıxış edib.
Nurəddin