Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin şagirdləri üçün açıq havada sərgi-plener təşkil olunub. 20 şagirdin iştirak etdiyi sərgi-plenerdə yağlı, akril və sulu boyalar vasitəsilə kətan, və kağız üzərində mənzərələr əks olunub.
***
Ağdam rayon R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyində rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Birinci Qarabağ müharibəsi şəhidi Elmdar Vəliyevin xatirəsinə həsr edilmiş “Qəhrəmanlar unudulmur!” adlı anım tədbiri keçirilib. Çıxış edənlər “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş şəhidin döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Sonda şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
***
Balakən rayon Qullar kənd Sənətkarlıq evində “Vətən mənə oğul desə...” başlığı altında çağırışçı gənclərlə görüş keçirilib. Çıxış edənlər ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin daim diqqət mərkəzində olduğunu qeyd ediblər. Sonda çağırışçı gənclər hərbi xidmətə yola düşəcəyi üçün çox sevincli olduqlarını, əsgəri borclarını layiqincə yerinə yetirəcəklərini bildiriblər.
***
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin hazırladığı “Onlar bir incidir” adlı layihənin növbəti tədbiri keçirilib. Layihənin budəfəki qonağı Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı şair Əşrəf Veysəlli olub. Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev qonaqları salamlayıb, şairə yaradıcılıq uğurları arzulayıb, hədiyyələr təqdim edib. Sonra şairin yaradıcılığı haqqında söhbət açılıb, şeirləri səsləndirilib.
***
Ağstafa Dövlət Rəsm Qalereyasının əməkdaşları “Vətən müharibəsinin tarix yazan qəhrəmanları” devizi ilə rayonun Vurğun qəsəbəsində “Şəhidlər bulağı”nı ziyarət ediblər.
Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanada Xalq yazıçısı, ssenarist İsa Hüseynovun (Muğanna; 1928-2014) anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Bir qrup tələbənin də iştirak etdiyi tədbirdə yazıçının yaradıcılığının ideya-sənətkarlıq xüsusiyyətlərindən söz açılıb, əsərlərinin oxucuların qəlbinə yol tapdığı vurğulanıb. Bildirilib ki, ədibin ssenariləri əsasında çəkilən filmlər Azərbaycanın kino salnaməsini zənginləşdirib.
N.Məmmədli