Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) silsilə tədbirlər həyata keçirilir.
Görkəmli bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərindən ibarət konsert və yeni not nəşrlərinin təqdimatı (19 iyun) da bu qəbildən növbəti tədbir idi. Bəstəkarın bu yaxınlarda çapdan çıxmış üç musiqi toplusunda dahi şəxsiyyətə həsr olunmuş əsərləri də var.
İttifaqın sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə giriş sözündə Azər Dadaşovun yaradıcılığından söz açdı. Qeyd etdi ki, əksər musiqi janrlarında səmərəli fəaliyyət göstərən bəstəkarın əsərləri canlı obrazlılığı və musiqi dilinin ifadəliliyi ilə diqqəti cəlb edir. Bildirdi ki, bəstəkarın simfonik janrda məhsuldar yaradıcılığı var, o, 16 simfoniyanın müəllifidir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azər Dadaşovun yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda çıxış etdi. O, həmçinin bəstəkarın hər birində Ümummilli liderə ithaf kompozisiyasının yer aldığı üç yeni nəşr haqqında məlumat verdi. “Azər Dadaşovun violin və fortepiano üçün əsərlər”, “Fortepiano üçün lirik pyeslər”, “Xor və fortepiano üçün mahnılar” musiqi topluları həm peşəkar musiqiçilər, həm də tələbələr üçün nəzərdə tutulub.
Tədbirdə bəstəkarın xor və fortepiano üçün yazılmış “Heydər atamız”, “Qarabağ bayatıları”, “Bir millət, iki dövlət”, “Vətənim var”, violin və fortepiano üçün “Poema-ithaf”, “Ariya” pyesləri, digər əsərləri, eləcə də ilk dəfə müəllifin ifasında “Serenada” lirik pyesi səsləndi.
Konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının “Harmoniya” və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” birləşmiş tələbə xoru (xormeyster Əməkdar müəllim Təranə Yusifova), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) I kurs tələbəsi Ozcan Cabbari (violin), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Fidan Musayeva (violin), BMA-nın II kurs tələbəsi Emil Hüseynov (violin), İncəsənət gimnaziyasının VIII sinif şagirdi Sura Həsənli (violin, müəllim professor Fatima İdiatulina), beynəlxalq müsabiqə laureatı Ülviyyə Kazımova çıxış etdilər.
Tədbir Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 16 saylı “Vətən oğlu” simfoniyasının finalının video variantda nümayişi və yeni not əsərlərinin təqdimatı ilə başa çatdı.
Fidan Nəsirova
BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşı